«Qəbələ»dən 5-ci medal - Lorenzo Sotomayor qızıl medala sahib oldu
Xəbərlər / 26 İyun 2015 | 15:16242
«Qəbələ»dən 5-ci medal - Lorenzo Sotomayor qızıl medala sahib oldu

Azərbaycanı və “Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən Lorenzo Sotomayor turnirin qızıl medalını qazanıb. 64 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün keçirilən final görüşündə italiyalı Vinçenzo Manqiakapreyə qalib gələrək, çempion tituluna sahib çıxıb. O, həlledici qarşılaşmada rəqibini 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə məğlub edib. Bu, fəxri kürsünün ən yüksək pilləsinə qalxan boksçumuzun Avropa Oyunlarında ardıcıl 5-ci qələbəsi olub. Lorenzo Avropa Oyunlarının 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi 3:0 (30:26, 30:26, 30:24), 1/8 finalda moldovalı Dmitri Qalaqotu 3:0 (30:27, 30:27, 30:27), 1/4 finalda rumıniyalı Daniel Nikuleskunu 3:0 (29:28, 29:28, 30:27), yarımfinalda Ukrayna təmsilçisi Viktor Petrovu 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xatırladaq ki, Sotomayorun qızıl medalı “Qəbələ” idmançılarının Avropa Oyunlarında 2-si qızıl olmaqla, 5-ci mükafatıdır. Lorenzoyadək karateçilər Rafael Ağayev qızıl, Niyazi Əliyev bürünc, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş medala sahib çıxıb.