“Zirə” – “Qəbələ” – 1:1
8 aprel 2018. Saat 16:30. Zirə İdman Kompleksinin stadionu, 1000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vaqif Musayev
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Comal Uilyams, 56 (qeyri-idman hərəkəti) // Təmkin Xəlilzadə, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Milan Duriç, 53 (p.) // Stiven Monroz, 78
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
“Qəbələ” Topaz Premyer Liqasının IV dövrəsində ilk oyununu keçirib. “Qırmızı-qaralar” bu gün XXII tur çərçivəsində səfər matçına çıxıb. Komandamız Bakıda “Zirə” ilə görüşüb. Baş məşqçi Roman Qriqorçuk ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Bu dəfə Asif Məmmədov, Omar Malone və Famussa Kone ilk dəqiqələrdən meydana çıxıblar. Onlar Elvin Camalov, Vitali Vernidub və Filip Ozobiçi əvəzləyiblər.
Görüşün ilk dəqiqələrində meydan sahibləri fəallıq nümayiş etdiriblər. İlk yarıda paytaxt təmsilçisi cüzi üstünlüyə malik olsa da, azarkeşlər ümumilikdə qarşılıqlı hücumlara şahidlik ediblər. Matçın əvvəlində rəqib futbolçu ilə toqquşan Dmitri Bezotosnı xəsarət alıb. Bundan sonra ukraynalı qolkiper bir neçə dəqiqə meydanda olsa da, az keçməmiş əvəzlənib. Onun yerinə meydana daxil olan Aqil Məmmədov “Qəbələ”nin heyətində ilk çempionat matçına çıxıb. Qapılar önündə real təhlükəli vəziyyətlərin az olduğu ilk yarının sonları daha maraqlı alınıb. 36-cı dəqiqədə meydan sahibləri qapı önündəki qarışıqlıqda fərqlənmək imkanını qaçırıblar. İki dəqiqə sonra Baqali Dabonun təxminən 25 metrdən endirdiyi zərbəni qolkiper dəf edib. Fasiləyədək komandamız rəqib qapısına daha bir neçə dəfə nişan alsa da, hesab açılmayıb.
Matçın ikinci yarısı da eyni ssenari ilə başlayıb. Fəal təsir bağışlayan zirəlilər az keçməmiş penalti imkanı qazanıb. Aqil Məmmədov zərbənin səmtini düz tapsa da, Milan Duriçin fərqlənməsinə mane ola bilməyib. Hesabı açan paytaxt klubu az sonra yenə bir neçə qol imkanı yaxalayıb. Aqil öncə Duriçin uzaq zərbəsini küncə çıxarıb, ardınca Riçard Qadze ilə təkbətəkdən qalib ayrılıb. Oyunun belə axarı Qriqorçuku dəyişikliklərə əl atmağa vadar edib. Ukraynalı mütəxəssis Filip Ozobiçlə Təmkin Xəlilzadəni meydana buraxıb. Fəallığı artıran “qırmızı-qaralar” öncə Ozobiçin qapının küncünə zərbəsi zamanı qola yaxın olub. Lakin xorvatiyalıya dəqiqlik çatmayıb. Bundan 2 dəqiqə sonra sol cinahdan hava ötürməsini qapıçı meydanında hamıdan sayıq davranan Stiven Monroz başla qapıya göndərib. Bu, ardıcıl 2-ci matçda fərqlənən legionerin “Qəbələ”də 9-cu, Premyer Liqada 7-ci qolu olub. Hesabda tarazlıq yaranandan sonra hər iki komanda bir neçə uzaqdan zərbə ilə diqqət çəkib. Lakin tərəflər hesabı dəyişməyə müyəssər olmayıb.
Beləliklə, “Qəbələ” Premyer Liqadakı ardıcıl 3-cü oyununda eyni – 1:1 hesablı heç-heçə ilə kifayətlənib. “Qırmızı-qaralar” ötən turda “Sumqayıt”, XIX turda “Keşlə” ilə sülh bağlamışdı.
“Zirə”
1. Anar Nəzirov (k)
4. Vüqar Mustafayev
5. Adil Nağıyev
7. Sadio Tounkara
(17. Vüsal İsgəndərli, 77)
8. Milan Duriç
9. Aleksandr Dedov
(11. Viktor İqbekoyi, 75)
16. İbrahim Aslanlı
18. Yani Urdinov
39. Sadiq Quliyev
43. Riçard Qadze
88. Elşən Abdullayev
(29. Comal Uilyams, 46)
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
10. Orxan Əliyev
14. Tellur Mütəllimov
38. İlkin Muradov
57. Kənan Zülfüqarov
87. Müşfiq İlyasov
77. Mirsahib Abbasov
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”
22. Dmitri Bezotosnı
(23. Aqil Məmmədov, 25)
3. Voislav Stankoviç
8. Qismət Alıyev
9. Baqali Dabo
10. Ruslan Qurbanov
(33. Təmkin Xəlilzadə, 65)
11. Asif Məmmədov
14. Cavid Hüseynov (k)
16. Omar Malone
(19. Filip Ozobiç, 65)
28. Stiven Monroz
34. Urfan Abbasov
45. Famussa Kone
Ehtiyat oyunçular:
35. Murad Popov
5. Rasim Ramaldanov
6. Elvin Məmmədov
18. İlqar Qurbanov
29. Hacıağa Hacıyev
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk