«Qəbələ»dən böyükhesablı qələbə
Xəbərlər / 29 Oktyabr 2016 | 17:25716
«Qəbələ»dən böyükhesablı qələbə

“Qəbələ” – “Neftçi” – 4:1
29 oktyabr 2016. Saat 15:00. Qəbələ şəhər stadionu, 1500 tamaşaçı  
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeylanov, Rza Məmmədov
Dördüncü hakim: Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Rəvan Həmzəzadə   
AFFA nümayəndəsi: Mübariz Hüseynov   
Hakim-inspektor: Vüsal Əliyev 
Sarı vərəqələr: Asif Məmmədov, 34 (qeyri-idman hərəkəti); Vitali Vernidub, 90+1 (qeyri-idman hərəkəti) // Edson Kastilya, 53 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 74 (qeyri-idman hərəkəti)
Qollar: Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Turun ilk qarşılaşması Qəbələdə baş tutub. Çempionatın lideri “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib. Baş məşqçi Roman Qriqorçuk ötən turun “Sumqayıt”la oyunu ilə müqayisədə start heyətində 4 dəyişiklik edib. Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Rafael Santos və Tellur Mütəllimov bu dəfə “11-lik”dən kənar qalıb. Əvəzində zədədən sonra meydana dönən Elvin Camalov, Rəşad Sadiqov, Sergey Zenyov, həmçinin Ürfan Abbasov ilk dəqiqələrdən meydanda olub.
Son iki matçda heç-heçə ilə kifayətlənən “Qəbələ” matça qələbə istəyi ilə çıxıb. İlk dəqiqələrdən fəal görünən komandamız ardıcıl hücumlar təşkil edib. Qonaqların qapısı önündə ardıcıl təhlükələr yaradan komandamızın fərqlənməsinə öncə Zenyovun ayaqları altından topu uzaqlaşdıran Vançe Şikov, ardınca Vitali Vernidubun qeyri-dəqiqliyi mane olub. Cərimə meydanına daxil olmaqda çətinlik çəkməyən futbolçularımızın yaxın məsafədən bir neçə zərbəsi də diqqət çəkib. Lakin “Neftçi”nin qolkiperi inamlı oynayıb. 12-ci dəqiqədə hesab açılıb. Rəşad Eyubovun cərimə meydanı daxilindən zərbəsini qapıçı dəf etsə də, Zenyovun təkrar toxunuşu qarşısıalınmaz olub. Qoldan sonra da hücumlarını davam etdirən “Qəbələ” fərqi artırmaq üçün bir neçə qol imkanı qazanıb. Lakin futbolçularımız son anda dəqiq oynamayıblar. Qonaqlar da 1-ci hissənin ikinci yarısında fəallıq nümayiş etdirərək, bir neçə dəfə Dmitri Bezotosnını narahat edib. Lakin fasiləyədək komandalardan heç biri hesabı dəyişə bilməyib.
İkinci hissə daha məhsuldar alınıb. Fasilədən az sonra Araz Abdullayev yaxın məsafədən zərbə ilə “ağ-qaralar”ın bərabərlik qolunu vurub. Bu, evdə keçirdiyi ardıcıl 6 matçda qol buraxmayan “Qəbələ”nin öz meydanındakı seriyasını qırıb. Lakin buraxılan qol “qırmızı-qaralar”ın daha da çox hücum təşkil etməsi ilə nəticələnib. Hesabda bərabərlik cəmi 10 dəqiqə sürüb. Rikardinyonun cinah ötürməsini tamamlayan Zenyov dublunu rəsmiləşdirib. “Qəbələ”də 11-ci qolunu vuran estoniyalı 2-ci dəfə dubl müəllifi olub. Az keçməmiş komandamız fərqi 2 topa çatdırıb. Filip Ozobiçin ötürməsini Asif Məmmədov qolla yekunlaşdırıb – 3:1. Bu, onun komandamızda 8-ci qolu olub. “Qəbələ”nin üstünlüyü ilə davam edən matçdakı növbəti qol qonaqların kobud səhvindən sonra vurulub. Şikovun xətasından sonra qapıçı ilə üz-üzə qalan Eyubov qolkiperə şans verməyib. Yarımmüdafiəçi “qırmızı-qara” formada 4-cü dəfə rəqib qapısına yol tapıb.
Beləliklə, “Neftçi” ilə qarşılaşmada böyükhesablı (4:1) qələbə qazanan “Qəbələ” xal hesabını 24-ə çatdırmaqla liderliyini möhkəmləndirib.

“Qəbələ”
22. Dmitri Bezotosnı
3.  Vojislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
(14. Cavid Hüseynov, 61)
9. Sergey Zenyov
(10. Ruslan Qurbanov, 61)
11. Asif Məmmədov
(21. Roman Hüseynov, 80)
15. Vitali Vernidub
19. Filip Ozobiç
20. Rikardinyo
32. Rəşad Eyubov
34. Ürfan Abbasov

Ehtiyat oyunçular: 
33. David Pietrzikeviç
13. Murad Musayev
17. Məhəmməd Mirzəbəyov
30. Petar  Franyiç 

Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi”
33. Boban Baykoviç 
3. Jayro Filyo Rodriges
6. Vançe Şikov
10. Cavid İmamverdiyev (k)
17. Rəhman Hacıyev
19. Fəhmin Muradbəyli
(7. Araz Abdullayev, 46)
20. Eltun Yaqublu
(22. Mahir Şükürov, 68)
30. Dario Melnyak
80. Edson Kastilya
95. Elvin Bədəlov
99. Denilson Pereyra
(90. Jonas Pesalli, 64)

Ehtiyat oyunçular:
1. Krşevan Santini
4. Rahil Məmmədov
13. Murad Ağayev
23. Tərzin Cahangirov
Baş məşqçi: Elxan Abdullayev