“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) – 5:1
UEFA Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun
30 iyun. Saat 21:00. Bakı. “Bakcell Arena” stadionu
Baş hakim: Denis Şerbakov (Belarus)
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka (hər ikisi Belarus)
Dördüncü hakim: Sergey Tsinkeviç (Belarus)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)
Qollar: Vojislav Stankoviç, 16, Sergey Zenyov, 19, Teo Uiks, 30, 69, 72 // Laşa Şerqelaşvili, 59
Sarı vərəqələr: Sergey Zenyov, 65, Teo Uiks, 69 // Davit Jikia, 44, Teymuraz Markozaşvili, 63, Omar Miqineyşvili, 73
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
“Qəbələ” 2016-2017-cı illər mövsümündə ilk oyununu keçirib. Ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edən “qırmızı-qaralar” I təsnifat mərhələsinin ilk oyununu keçirib. Roman Qriqorçukun yetirmələri “Samtredia” ilə qarşılaşıb. Roman Qriqorçuk Gürcüstan təmsilçisi ilə matçda bu yay komandaya transfer olunan Nika Kvekveskiri, Baqali Dabo, Teo Uiks, Filip Ozobiçə start heyətində yer verib. Sonuncu klub tarixinə ilk xorvatiyalı, Uiks isə ilk liberiyalı kimi düşüb.
Oyunun ilk dəqiqələrində bərabər oyun getsə də, “Qəbələ” tezliklə üstünlüyü ələ alıb. Komandamız həm cinahlar, həm mərkəzlə rəqib qapısına həmlələri davam etdirib. Artıq 5-ci dəqiqədə Dabonun sol cinahdan ötürməsini qapıçı meydanında tamamlamağa yaxın olan Nikanı son anda müdafiəçilər qabaqlayıb. Rəqib qapısına təzyiqi artıran “qırmızı-qaralar” 9 dəqiqə sonra da qola yaxın olub. Lakin Ürfan Abbasovun sağ cinahdan ötürməsindən sonra qapıçı meydanının xətti üzərində nəzarətsiz qalan Dabonun zərbəsi alınmayıb. Artıq 16-cı dəqiqədə “Qəbələ” istəyinə çatıb. Kvekveskirinin künc zərbəsindən ötürməsini cərimə meydanında hamıdan hündürə yüksələn Vojislav Stankoviç başla tamamlayıb – 1:0. “Samtredia” futbolçuları özünə gəlməmiş “qırmızı-qaralar” fərqi artırıb. Uiksin ötürməsindən sonra cərimə meydanı daxilindən çərçivəni nişan alan Sergey Zenyov fərqlənib – 2:0. İkinci qoldan sonra qonaqlar fəallaşsa da, Dmitri Bezotosnını ciddi narahat etməkdə çətinlik çəkib. Düzdür, Budu Zivzivadze qapıçımızla təkbətək çıxıb, topu onun üzərindən atsada, dirəyin yanından göndərib. Az sonra isə Budunun qüvvətli zərbəsini qaytarmaq Dmitri üçün çətin olmayıb. Amma yenidən ərazi üstünlüyünə yiyələnən komandamız fərqi artırmağa nail olub. Ozobiç əvvəl özü 25 metrdən qapını nişan alıb, fərqlənə bilməsə də, az sonra məhsuldar ötürmə verib. Onun cərimə meydanına ötürməsini Teo Uiks dəqiq zərbəylə tamamlayıb - 3:0. Bundan sonra üstünlük qonaqların tərəfinə keçsə də, Gürcüstan təmsilçisi real qol vəziyyəti yarada bilməyib. Yalnız Laşa Şerqelaşvilinin cərimə zərbəsi yaddaqalan olub. Lakin top dirəyin yanından keçib. Maraqlıdır ki, rəqib komandanın futbolçusu Jemal Qoqiaşvili protokolda 3 nömrə ilə qeyd olunsa da, ilk yarıda 18 nömrəli forma ilə çıxış edib.
İkinci hissəyə qonaqlar daha fəal başlayıb. Fasilədən az sonra Şerqelaşvilinin uzaq zərbəsini Bezotosnı küncə çıxarıb. Lakin samtredialıların hücumları bəhrəsini verib. Laşanın 26 metrdən yerinə yetirdiyi cərimə zərbəsi ilə qonaqları ümidləndirib – 3:1. Ardınca Dabo fərqi artırmağa yaxın olub. Qapıçı ilə təkbətək çıxan fransalı topu onun yanından göndərsə də, çərçivəyə düşməyib. Gürcüstan klubunun bir neçə təhlükəli hücumun ardından Uiks səhnəyə çıxıb. Liberiyalı yarımmüdafiəçi 4 dəqiqə ərzində 2 qol vurub, het-trikini rəsmiləşdirib. Öncə sağ cinahdan müdafiəçidən topu “oğurlayan” futbolçumuz daha bir rəqibini keçib, qapıçını da aldadaraq fərqi artırıb – 4:1. Ardınca isə Dabonun başladığı hücumda Zenyovdan ötürmə alan Teo soldan qapıçı meydanına daxil olaraq çərçivəni dəqiq nişan alıb – 5:1. Bu, “Qəbələ” futbolçularının avrokuboklarda ilk het-triki olub. Bundan sonra da ərazi üstünlüyü əldən verməyən “Qəbələ” matçın sonlarınadək hücumlarını davam etdirib. Uiks poker müəllifi olmaq imkanı əldə etsə də, müdafiəçilərin əhatəsində ustalığını nümayiş etdirərək, Tellur Mütəllimova ötürmə verib. Gənc futbolçunun zərbəsində dəqiqik çatmayıb. Rəqib qapısında daha bir neçə təhlükə yaradan “qırmızı-qaralar” matçın sonlarında fərqi artırmağa yaxın olub. Lakin Rəşad Sadiqovun zərbəsindən sonra top qapının yanından ötüb.
Beləliklə, “Qəbələ” “Samtredia” ilə ilk qarşılaşmada 5:1 hesablı qələbə qazanıb. Bu, “qırmızı-qaralar”ın avrokuboklarda ilk böyükhesablı qələbəsi olub. Komandamız avrokuboklardakı ev oyununda 4-dən artıq qol vuran ilk Azərbaycan klubu kimi də tarixə düşüb.
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
6. Rəşad Sadiqov (k)
7. Nika Kvekveskiri
9. Sergey Zenyov
(88. Tellur Mütəllimov, 83)
15. Vitali Vernidub
18. Baqali Dabo
(32. Rəşad Eyyubov, 77)
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
(8. Qismət Alıyev, 86)
34. Ürfan Abbasov
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
17. Məhəmməd Mirzəbəyov
44. Rafael Santos
80. Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk
“Samtredia”
12. Omar Miqineyşvili
3. Jemal Qoqiaşvili
4. Nika Sandoxadze
6. Giuli Manjqaladze
(15. Daçi Tsobiladze, 71)
7. David Rajamaşvili
10. Baçana Arabuli
11. Budu Zivzivadze
(8. Teymuraz Markozaşvili, 59)
14. Davit Jikia
(77. Giorgi Qamkrellidze, 46)
16. Laşa Şerqelaşvili
22. Giorgi Mçedlişvili
26. Giorgi Datunaşvili (k)
Ehtiyat oyunçular
30. Kaxaber Meşveliani
2. David Mtivlişvili
17. Şota Kerdzevadze
39. Tornike Qorqiaşvili
Baş məşqçi: Giorgi Tsetzadze