«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 14 Yanvar 2023 | 19:331802
«Qəbələ»dən əzmkar qələbə

“Qəbələ” – “Lukenvalde” (Almaniya)– 3:2

Gülağa Əsədov, 30, Ramon Maçado, 57, Felipe Santos, 70

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Almaniyanın “Lukenvalde” klubu ilə qarşılaşıb. İki gün əvvəl Rumıniyanın “Sepsi” klubu görüşən (2:2) komandamızın baş məşqçisi Elmar Baxşıyev bu dəfə start heyətində bir neçə gənc futbolçuya da şans verib.

“Qəbələ” matçı aşağıdakı “11-lik”lə başlayıb: Kristof Atanqana, Ruan Renato, Hüseyn Mürsəlov, Feras Abu Akal, Asif Məmmədov, Ramon Maçado, Gülağa Əsədov, Omar Hani, Felipe Santos, Andrey Strijak, Nicat Əliyev.

Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı Almaniya təmsilçisi açıb. Buraxılan qoldan sonra fəallığı artıran “qırmızı-qaralar” Gülağa Əsədovun fərqlənməsi ilə hesabı bərabərləşdirib. Fasiləyə bu hesabla yollanan komandaların heyətində dəyişiklər də olub. İkinci yarıda daha üstün oynayan “Qəbələ” Ramon Maçado və Felipe Santosun qolları ilə iki top önə keçib. Almaniya təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib. Beləliklə, “qırmızı-qaralar” Antalya toplanışında ilk əzmkar qələbəsini qazanıb – 3:2.

Xatırladaq ki, komandamız toplanışda son matçını yanvarın 16-da Çexiya “Teplitse”sinə qarşı keçirəcək.