«Qəbələ»dən məhsuldar heç-heçə
Xəbərlər / 11 Oktyabr 2020 | 18:15230
«Qəbələ»dən məhsuldar heç-heçə

“Neftçi” – “Qəbələ” – 2:2

Azərbaycan Premyer Liqasının VI turunun hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilədə “Neftçi” ilə görüşüb. Komandamızın baş məşqçisi Elmar Baxşıyev Bakıda baş tutan matçda aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Vinko Medimoreç, Murad Musayev, Yurgen Qoxa, Faiq Hacıyev, Merab Qiqauri, Cavid Hüseynov, Rafael Utziq, Ceyms Adeniyi, Nikolas Raysel, Stefan Vukçeviç.

İlk dəqiqələrdən qarşılıqlı hücumlarla keçən oyun məhsuldar alınıb. Hərəyə iki qol vuran komandalar meydandan məhsuldar heç-heçəylə ayrılıb. “Qəbələ”nin heyətində hər iki qola Ceyms Adeniyi imza atıb. Qarşılaşmanın gedişində Roman Hüseynov, Ülvi İsgəndərov, Samir Qurbanov və U-19-dan əsas komandanın hazırlıqlarına cəlb edilən Nemət Şıxəmirov meydana daxil olub.

Xatırladaq ki, bir gün öncə “Qəbələ” daha bir yoxlama oyunu keçirib. Paytaxtda baş tutan görüşdə “qırmızı-qaralar” “Sumqayıt”a 1:2 hesabı ilə uduzub.