“Qəbələ” – “Səbail” – 1:1
15 aprel 2018. Saat 17:00. Qəbələ şəhər stadionu, 250 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Cəmil Quliyev
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Rasim Ramaldanov, 27 (qeyri-idman hərəkəti); Elvin Camalov, 61 (qeyri-idman hərəkəti); Famussa Kone, 84 (hakimi aldatmağa cəhd); Qismət Alıyev, 90+4 (qeyri-idman hərəkəti) // Tamazi Tsetsxladze, 20 (qeyri-idman hərəkəti)
Qollar: Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” XXIII turun matçında “Səbail”lə görüşüb. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Baş məşqçi Roman Qriqorçuk üç gün öncə “Neftçi”yə qarşı keçirilən kubok oyunu ilə müqayisədə start heyətində 5 dəyişiklik edib. Belə ki, Qismət Alıyev, Asif Məmmədov, Cavid Hüseynov, Təmkin Xəlilzadə və Famussa Kone ilk “11-lik”dən kənar qalıb. Əvəzində Elvin Camalov, Rasim Ramaldanov, Omar Malone, İlqar Qurbanov və Yusif Nəbiyev ilk dəqiqələrdən meydana çıxıb.
Azarkeşlər oyunun ilk dəqiqələrindən qarşılıqlı hücumlara şahid olublar. “Qırmızı-qaralar” təşəbbüsü ələ almağa çalışsa da, qonaqların istəklə mübarizə aparması buna imkan verməyib. Yetərincə fəal təsir bağışlayan Bakı klubu ilk yarıda bir neçə dəfə qapı istiqamətində yaddaqalan zərbə endirməyə də müvəffəq olub. “Səbail”in futbolçularının çərçivəni dəqiq nişan aldığı epizodlarda isə Aqil Məmmədov çətinlik çəkmədən topa yiyələnib. Daha çox sol cinahla hücumlar təşkil edən “qırmızı-qaralar” isə fasiləyədək rəqib qapıçıya gərginlik yaşada bilməyib. Komandamızın ən yaddaqalan hücumu Filip Ozobiçin yaxın məsafədən qeyri-dəqiq cərimə zərbəsi olub.
Fasilədən sonra Famussa Kone və Qismət Alıyevi meydana buraxan Qriqorçuk oyunun axarını dəyişə bilib. İkinci hissənin ilk dəqiqələrindən üstünlüyü ələ alan “qırmızı-qaralar” ardıcıl hücumlar təşkil edib. Lakin hesabı təhlükəli əks-hücumlar quran qonaqlar açıb. Vüqar Nadirovun soldan qapıya paralel ötürməsini Fəhmin Muradbəyli tamamlayıb – 0:1. Bu qoldan 1 dəqiqə sonra Faruk Miya hesabı artırmağa yaxın olub. Cərimə meydanı daxilində əlverişli imkan əldə edən legioner şansdan yararlanmayıb. Hesabda tarazlıq yaratmağa çalışan “Qəbələ”nin hücumları daha yaddaqalan olub. Bakılıların qapıçısı Elxan Əhmədov ardıcıl 4-5 epizodda komandasını qoldan xilas edib. O, öncə Ruslan Qurbanovun, ardınca Famussa Konenin yaxın məsafədən zərbələrini dəf etməklə yanaşı, digər epizodlarda da inamlı oynayıb. “Qırmızı-qaralar”ın fəallığı öz bəhrəsini verib. İlqar Qurbanovun sağ cinahdan qapı önünə ötürməsini Famussa Kone dəqiq zərbə ilə tamamlayıb – 1:1. Bu, futbolçunun “qırmızı-qaralar”ın heyətində 7-ci qolu olub. Qoldan sonra da rəqib qapısına həmlələri davam etdirən “Qəbələ” daha bir neçə təhlükəli vəziyyət yaradıb. Filip Ozobiçin bir dəfə başla, bir dəfə ayaqla qapı istiqamətində endirdiyi zərbələr yaddaqalan olsa da, hesab dəyişməyib.
Beləliklə, Topaz Premyer Liqasında ardıcıl 4-cü oyunda 1:1 hesablı heç-heçəyə imza atıb. “Səbail”ədək “Keşlə”, “Sumqayıt” və “Zirə” ilə matçlarda da qollu sülh qeydə alınmışdı.
“Qəbələ”
23. Aqil Məmmədov
3. Voislav Stankoviç
4. Elvin Camalov
(6. Elvin Məmmədov, 77)
5. Rasim Ramaldanov
10. Ruslan Qurbanov
16. Omar Malone
(45. Famussa Kone, 46)
18. İlqar Qurbanov
19. Filip Ozobiç
28. Stiven Monroz
34. Urfan Abbasov (k)
74. Yusif Nəbiyev
(8. Qismət Alıyev, 46)
Ehtiyat oyunçular:
35. Murad Popov
66. Sərxan Osmanov
14. Cavid Hüseynov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
33. Təmkin Xəlilzadə
Baş məşqçi: Roman Qriqorçuk
“Səbail”
25. Elxan Əhmədov
3. Tamazi Tsetsxladze
4. Rahil Məmmədov
5. Kərim Diniyev
7. Fəhmin Muradbəyli
(18. Aqşin Qurbanlı, 72)
13. Faruk Miya
(6. Murad Ağayev, 90+2)
15. Nikoloz Apakidze
17. Vüqar Nadirov (k)
23. Ayron Stati
24. Ruslan Əmircanov
29. Yevgeni Koçuk
(11. Elman Taqayev, 88)
Ehtiyat oyunçular:
1. Emil Balayev
10. Nurlan Novruzov
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev