Unibank Premyer Liqasının XXI turu “Qəbələ” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub. Öz meydanında “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub edən komanda bir neçə ilkə imza atmaqla yanaşı yubileylər də qeyd edib.
- Matçın 66-cı dəqiqəsində meydana çıxan Ürfan Abbasov karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da 20 yaşlı futbolçu klub tarixinin 130-cu oyunçusu olub. Bunlardan 16-sı yalnız Azərbaycan kubokunda oynadığından Abbasov Premyer Liqada “Qəbələ” forması geyən 114-cü oyunçu olub.
Xatırladaq ki, ötən turun “Simurq”la səfərdəki oyununda fransalı Yannik Kamanan və Elmar Baxşıyev də “Qəbələ”də debüt etmişdilər. Bu 130 futbolçudan 73-ü yerli, 57-si legionerdir ki, onlar da 26 ölkəni təmsil edir: Gürcüstan – 9, Braziliya, Rusiya – hərəsi 6, Serbiya, Ukrayna – hərəsi 5, Moldova – 3, Hollandiya, Bolqarıstan, Rumıniya – hərəsi 2, Argentina, Qvineya, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Seneqal, Sierra Leone, Türkiyə, Türkmənistan, Yamayka, Şotlandiya və Fransa – hərəsi 1. Bu 57 legionerdən 6-sı milliləşən olsa da onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb.
- Komanda 4 quru oyundan sonra qapısından qol buraxıb. Latviyalı qapıçı Pavel Doroşev sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında qol görmüşdü. 79 gün əvvəlki həmin matçın 39-cu dəqiqəsində Samir Abasov “Qəbələ”nin qapısına qol vura bilmişdi. Sonrakı 4 qarşılaşmada qapısını toxunulmaz saxlayan Pavel “Xəzər Lənkəran”la görüşün 26-cı dəqiqəsində topu qapıdan çıxarıb. Rahid Əmirquliyevin vurduğu qol Doroşevin 437 dəqiqəlik seriyasına son qoyub.
- “Qəbələ”nin 2 futbolçusu üçün “Xəzər Lənkəran”la görüş yubiley xarakteri daşıyıb. Luis Hilario komandada 20-ci oyununa çıxıbsa Bruno da Silva Premyer Liqada 30-cu dəfə “Qəbələ” forması geyib.
- Komandanın qələbə qolunu vuran Deon Barton klub tarixində 13-cü dəfə rəqib qapısına yol tapdı. Bununla da o, “Qəbələ”nin ümumi bombardirləri siyahısında 3-cü yerin vahid sahibi oldu. Artıq İbrahim Hüseynovdan 1 qol öndə olan yamaykalı Kənan Kərimovdan 5, Rövşən Əhmədovdan 7 qol geri qalır. Lakin bütün qollarını çempionatda vuran Deon klubunun Premyer Liqadakı ən yaxşı bombardiridir.
- Premyer Liqada 160-cı oyununa çıxan “Qəbələ”nin qələbə qolu da yubiley əhəmiyyəti kəsb edib. Bartonun qolu komandasının öz meydanında vurduğu ümumilikdə 160-cı, çempionatdakı ev matçlarında isə 90-cı qol olub.
- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələri məğlubiyyətsiz oyunlar sayını 7-yə çatdırıb. Yenilməzliyini 87 günə çatdıran “Qəbələ” uduzmadığı 7 oyunda 5 qələbə qazanıb və 2 heç-heçə edib. Bu matçlardakı top fərqi 10:2-dir. Bu matçların 6-sı çempionatda qeydə alınıb ki, cari mövsüm bu, komanda üçün ən yaxşı seriyadır.
- “Qəbələ” ötən il oktyabrın 29-da öz meydanında “Simurq”a 0:2 hesabı ilə uduzduqdan sonra ev matçlarında da 6 oyundur məğlub olmur. Bu matçların 5-i Premyer Liqa, 1-i kubok çərçivəsində baş tutub.
- Təsnifat mərhələsinin son 2 oyunundan asılı olmayaraq “Qəbələ” ötən mövsümkü göstəricisini arxada qoydu. Belə ki, artıq hesabında 32 xal olan komanda 2010/11 mövsümünün təsnifat mərhələsində cəmi 31 xal toplaya bilmişdi. “Qəbələ” “altılıq” sistemi ilə keçirilən 3 çempionatdan yalnız 1-cisində - 2009/10 mövsümündə ilk 22 matçlıq bölümdə daha çox – 36 xal toplamışdı. Qarşıdakı 2 matçda 4 xal toplanacağı halda həmin rekord təkrarlanacaq.