«Qəbələ»dən tarixi qələbə
Xəbərlər / 9 İyul 2015 | 19:21206
«Qəbələ»dən tarixi qələbə

“Qəbələ” - “Dinamo” (Tiflis, Gürcüstan) – 2:0
UEFA Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu
09 iyul. Saat 21:00. Qəbələ. Şəhər stadionu
Baş hakim: Amori Deleru (Fransa)
Baş hakimin köməkçiləri: Loran Stien, Mişel Ammonye (hər ikisi Fransa)
Ehtiyat hakim: Sebastyan Moreyra (Fransa)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Sarı vərəqələr: Vitali Vernidub, 37, Georgi Floresku, 49, Cavid Hüseynov, 54
Qırmızı vərəqə: Laşa Totadze, 71
Qollar: Asif Məmmədov, 88, Aleksey Antonov, 90+3
Artırılan vaxt: I hissədə 0 dəq., II hissədə 5 dəq.
İlk oyun – 1:2

Bu gün “Qəbələ” 2015/16 mövsümündə ilk ev oyununu keçirib. Ölkəmizi Avropa Liqasında təmsil edən “qırmızı-qaralar” I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”sunu qəbul edib. Gürcüstandakı qarşılaşmada 1:2 hesabı ilə məğlub olan komandamız görüşə qələbə üçün çıxıb. Baş məşqçi Roman Qriqorçuk bir həftə əvvəlki qarşılaşma ilə müqayisədə start heyətində yalnız 1 dəyişiklik edib. Rəşad Sadiqova ilk “11-lik”də şans verən ukraynalı mütəxəssis Arif Daşdəmirovu ehtiyatda saxlayıb. İlk oyunla müqayisədə “Dinamo”da 2 dəyişiklik olub. Tiflisdə qırmızı vərəqə alan Giorgi Qvelesiani ilə yanaşı, Otar Kiteişvili də ilk “11-lik”dən kənarda qalıb. Əvəzində Rene Santos və Aleksandr İaşvili start heyətdə yer alıb.
Qarşılaşmanın ilk dəqiqələrindən irəli atılan “Qəbələ” üstünlüyə yiyələnib. 2-ci dəqiqədə künc bayrağına yaxın nöqtədən Cavid Hüseynovun cərimə zərbəsi yaddaqalan olub. Lakin onun qapıçı meydanına asmasını qapamağa yaxın olan Rafael Santos topa toxuna bilməyib. Ardınca Rəşad Sadiqovun zərbəsi qonaqlara gərginlik yaşadıb. Cərimə meydanı daxilindən zərbə endirən yarımmüdafiəçi uzaq küncü nişan alsa da, ona dəqiqlik çatmayıb. Ardıcıl hücumlar təşkil edən “Qəbələ”nin heyətində Cavid fəallığı ilə seçilsə də, komandamız real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Düzdü, 24-cü dəqiqədə cərimə meydanının xətti üzərində topa yiyələnən Antonov fərqlənə bilərdi. Lakin əlverişli mövqedə olan legioner hücumun davamı üçün heç də ən yaxşı seçim etməyərək, paraşüt zərbəsi ilə qol vurmağa cəhd edib. İlk hissənin ortalarından etibarən qonaqlar oyunu bərabərləşdirməyə çalışsa da, “qırmızı-qaralar” da hücumlara ara verməyib. Sergey Zenyovun daban ötürməsindən sonra Georgi Floreskunun 20 metrdən endirdiyi zərbə təhlükəli olsa da müdafiəçiyə toxunub qapı xəttindən çıxıb. Vitali Vernidubun sarı vərəqə aldığı epizodda cərimə zərbəsindən sonra sürətli əks-hücum təşkil edən komandamız hesabı açmağa yaxın olub. Lakin Antonovun ötürməsindən sonra Zenyov topla yaxşı rəftar edə bilməyib. Estoniyalı hücumçu ilk hissənin sonlarında ardıcıl bir neçə epizodda inamsız oynayıb. Fasiləyə yollanmazdan öncə qonaqları qapıçı xilas edib. Cavidin ötürməsindən sonra Aleksey Qayın qapı önünə göndərdiyi topa 11 metrlik nöqtədən başla zərbə endirən Rəşad Sadiqovun sevinməsinə qolkiperin reaksiyası mane olub.
İkinci hissəyə daha fəal başlayan “Qəbələ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Əvvəl komanda yoldaşı ilə divar paslaşmasından sonra Zenyovun zərbəsi qüvvətli alınmayıb. Cavidin cərimə zərbəsindən sonra yaranan qarışıqlıqda da estoniyalı hamıdan cəld tərpənib. Onun zərbəsini qapıçı qaytarsa da, top Floreskuya düşüb. Rumıniyalı isə topu qapının üstündən vurub. Zenyov Rikardinyonun ötürməsindən sonra başla zərbə zamanı da qeyri-dəqiq olub. Tiflislilərin azsaylı hücumlarından biri zamanı Georgi Papunaşvili cərimə meydanına daxil olsa da, “çərçivə”yə düşə bilməyib. Oyunun 64-cü dəqiqəsində Zenyovun sağ cinahdan qapıçı meydanına ötürməsinə Antonov toxuna bilməyib. 3 dəqiqə sonra Floreskunun güclü zərbəsini qapıçı tutub. İlk oyunda olduğu kimi bu dəfə də “Dinamo” azlıqda qalıb. Ürfan Abbasova qarşı aşkar kobudluğa görə gürcüstanlıların kapitanı Laşa Totadze qırmızı vərəqə alıb. Say üstünlüyü əldə edən “Qəbələ” hücumlarının kəsərini daha da artırıb. Lakin “Dinamo”nun sürətli əks-həmləsi daha yaddaqalan olub. İki müdafiəçi ilə üz-üzə qalan 2 gürcüstanlı komandamızın qapısı önündə gərginlik yaradıb. Amma Papunaşvilinin güclü zərbəsini Dmitri Bezotosnı küncə çıxarıb. Rəqib azlıqda qaldıqdan sonra real təhlükə yarada bilməyən “Qəbələ”nin baş məşqçisi Qriqorçuk oyunda dönüş yaratmaq üçün əvəzetmələrə əl atıb. Məhz bu amil də həlledici olub. Sol cinahdan sürətli reydlər edən Arif Daşdəmirovun qapı önünə ilk ötürməsi zamanı Dodo sürüşdüyü üçün zərbə endirə bilməyib. Arifin növbəti ötürməsi isə Asifin qolu ilə nəticələnib – 1:0. Gürcüstan təmsilçisi oyunu xilas etmək üçün irəli atıldığı vaxtda “qırmızı-qaralar” əks-hücumda rəqibi yaxalayıb. Bir müdafiəçi ilə üz-üzə qalan 4 futbolçumuz imkandan maksimum yararlanıb. Cavidin zərbəsi dirəkdən dönsə də, Antonov təkrar zərbə ilə matçın taleyini həll edib – 2:0.
Beləliklə, tarixi qələbə qazanan “Qəbələ” ilk dəfə avrokubok matçında qalib gəlib. Həm də ilk dəfə mərhələ adlayan komandamız II təsnifat mərhələsinə yüksəlib.

“Qəbələ”

22. Dmitri Bezotosnı
15. Vitali Vernidub
20. Rikardinyo
34. Ürfan Abbasov
(21. Arif Daşdəmirov, 86)
44. Rafael Santos
5. Georgi Floresku
(10. Dodo, 77)
6. Rəşad Sadiqov
(11. Asif Məmmədov, 82)
14. Cavid Hüseynov (k)
19. Aleksey Qay
9. Sergey Zenyov
69. Aleksey Antonov

Ehtiyat oyunçular:

1. Andrey Popoviç
3. Vojislav Stankoviç
8. Məhəmməd Mirzəbəyov
66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

“Dinamo”

12. Libor Qridliçka
3. Laşa Totadze (k)
5. Arçil Tvildiani
(7. Giorgi Janelidze, 84)
25. Rene Santos
37. Zaza Çelidze
6. Mate Sintsadze
10. Giorgi Papunaşvili
31. Cambul Ciqauri
77. Vaxtanq Çanturişvili
11. Giorgi Kvilitaya
(17. Giorgi Quruli, 74)
9. Aleksandr İaşvili
(13. Otar Kiteişvili, 61)

Ehtiyat oyunçular:

21. Giorgi Beqaşvili
14. Laşa Parunaşvili
22. Saba Lobjanidze
8. Baçana Arabuli

Baş məşqçi: Giya Gegugadze