“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. Gənclər Liqasında mübarizə aparan U-19 öz meydanında “Səbail”i qəbul edib. 12:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 21 oyundan sonra 53 xalla yarışın lideridir.
U-17 səfərdə “Turan Tovuz”un qapısından 5 cavabsız top keçirib. 21 matçda 57 xal toplayan “Qəbələ” ikinci pillədə qərarlaşsa da, ehtiyatda bir oyunu olduğundan çempionatın potensial lideridir.
U-16 Liqasında son matçını keçirən komandamız ROFM üzərində ev qələbəsi qazanıb – 5:2. 24 görüşdə 45 xal yığan “qırmızı-qaralar” üçüncü pillədədir. U-15 Liqada 1-8-ci yerlər uğrunda mübarizə aparan “Qəbələ” səfərdə “Neftçi” PFK ilə heç-heçə edib – 3:3. 4 matçda 7 xal toplayan komanda 4-cü sırada yer alıb.