«Qəbələ» döyüşçülərinin «Sərhədçi» zəfəri - Fotoreportaj
Cüdo / 15 Mart 2015 | 09:42984
«Qəbələ» döyüşçülərinin «Sərhədçi» zəfəri - Fotoreportaj

“Sərhədçi” Olimpiya Mərkəzində həvəskar və peşəkar MMA döyüşçüləri arasında “Grand Prix Azerbaijan Fight Club” keçirilib. Bu yarış ənənəvi olaraq bir neçə aydan bir keçiriləcək turnirlərdən ibarət “Azerbaijan Fight Series” layihəsi çərçivəsində baş tutub. “Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasovun təşkilatçılığı ilə gerçəkləşən layihə MMA idman növünün ölkəmizdə populyarlaşması və inkişafına xidmət edəcək. “Grand Prix Azerbaijan Fight Club”da 10 klubdan olan idmançıların iştirakı ilə həvəskar və peşəkar döyüşlər təşkil olunub. Yarışa 5 idmançı ilə qatılan “Qəbələ” İdman Klubunu 3 həvəskar və 2 peşəkar döyüşçü təmsil edib.
Həvəskarların mübarizəsində Fuad Musayev uğur qazanıb. Qəbələ rayon bölməsinin təmsilçisi 66 kq çəki dərəcəsində keçirdiyi 2 görüşdə qalib gələrək finala yüksəlib. Yalnız həlledici döyüşdə uduzan Musayev yarışı 2-ci yerdə başa vurub.
Yarış peşəkarların iştirakı ilə keçirilən 14 döyüşlə yekunlaşıb. Rinqə çıxan hər iki “Qəbələ” təmsilçisi döyüşü vaxtından əvvəl qazanılan təmiz qələbə ilə başa vurub. 70 kq çəki dərəcəsində Nəriman Abbasov rəqibindən üstün olub. Cəfər İsmiyev isə 77 kq çəki dərəcəsində keçirdiyi döyüşü qələbə ilə bitirib.