“Qəbələ” Futbol Akademiyasında Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzəri-praktiki tədbiri keçirilib. Fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tədbir FHN-in Qəbələ Regional Mərkəzi tərəfindən təşkil olunub.
Regional mərkəzin, həmçinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən təlimlər nəzəri və praktiki hissələrdən ibarət olub. Öncə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə geniş məlumat verilib. Akademiyanın ərazisində baş tutan ikinci hissədə praktiki məşğələ gerçəkləşib.
Təhlükəsizlik qaydalarına riayət edilməklə odsöndürücü balon və digər vasitələrdən istifadə nümayiş olunub. Mərkəzin əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə, təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatı icra olunub.