“Qəbələ” Futbol Akademiyasında irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirildi
Xəbərlər / 25 Dekabr 2023 | 17:192098
“Qəbələ” Futbol Akademiyasında irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirildi

“Qəbələ” Futbol Akademiyasında Futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirilib. Qəbələ şəhər stadionunda təşkil olunan mühazirədə akademiyamızın U-15, U-16, U-17 və U-19 komandalarının futbolçu və məşqçi heyəti iştirak ediblər.

 

“Qəbələ” İdman Klubunun futbolda sosial məsuliyyət üzrə meneceri Asəf Zeynallı tərəfindən keçirilən mühazirə zamanı gənc və yeniyetmə futbolçulara dünya futbolunun əsas bəlalarından olan irqçilik barədə ətraflı məlumat verilib, Avropanın ali futbol qurumu olan UEFA-nın nizamnaməsində yer alan irqçiliklə mübarizə ilə bağlı müvafiq maddələr onların diqqətinə çatdırılıb.

 

Bundan əlavə, son illərdə Avropa futbolunda baş vermiş irqçi davranışlar və bu davranışlara görə UEFA və yerli futbol federasiyaları tərəfindən tətbiq olunmuş müvafiq cəzalar barədə tədbir iştirakçılarına məlumat verilib.

 

Mühazirədə iqrçiliyin yaratmış olduğu bioloji və psixoloji bərabərsizlik iclas iştirakçıları tərəfindən pislənmiş və klubun hər bir üzvü belə bir fərqlilik hallarının yaradılmamasına çağırılmışlar.

 

Qəbələ şəhər stadionunda digər posterlər arasında yer alan “NO TO RACISM” şüarı cəmiyyətlər arasındakı birliyi və həmrəyliyi yox edən, zülm və istismara səbəb olan irqçiliyin “Qəbələ” İdman Klubu tərəfindən pislənməsinə əyani bir sübutdur.