Avstriyanın Zalsburq bölgəsində hazırlığını davam etdirən "Qəbələ" toplanış çərçivəsində bu gün ilk oyununu keçirib. Almaniyanın Münhen şəhərində "Hans-Bayer" Stadionunda keçirilən qarşılaşmada Yuri Syominin yetirmələri Türkiyə təmsilçisi "Gənclərbirliyi ilə qarşılaşıb. "Qəbələ" Ankara klubuna qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
27. David Pietrzkeviç
34. Ürfan Abbasov
15. Omar Kalabane
6. Vladimir Levin
84. Deyan Kelhar (5. Sadiq Quliyev)
18. İbrahima Niasse
14. Lorenzo Ebesilyo (9. Amit Quluzadə)
10. Dodo (42. Leonardo Da Silva)
8. Nizami Hacıyev (9. Viktor Mendi)
11. Yannik Kamanan (19. Abdulvahid Afolabi)
32. Daniel Subotiç (22. Rodriges Assis)
Matç tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürüb. 40-cı dəqiqəyə kimi hər iki komanda bir neçə əlverişli imkan əldə etsə də, hesabı açmaq mümkün olmayıb. 41-ci dəqiqədə isə "Qəbələ" hesabı öz xeyrinə dəyişməyi bacarıb. Cərimə meydançası daxilində Yannik Kamanana qarşı kobudluq hakimin penalti nöqtəsini göstərməsiylə nəticələnib. Topa yaxınlaşan Lorenzo Ebesilyo qapıçıya şans verməyib - 1:0.
İkinci hissəyə "Qəbələ" daha aktiv başlayıb. Bu aktivlik 54-cü dəqiqədə öz bəhrəsini verib. İlk qolun vurulmasında pay sahibi olan Yannik Kamanan bu dəfə də rəqib müdafiəçini cərimə meydançası hüdudlarında kobudluğa məcbur edib və komandasına növbəti penaltini qazandırıb. 11 metrlik zərbəni dəqiq yerinə yetiriən Subotiç fərqi ikiyə çıxarıb - 2:0. Hücumları səngiməyən "Qəbələ" 60-cı dəqiqədə Türkiyə təmsilçisini yenidən meydançanın mərkəzinə dəvət edib. İlk iki qolda payı olan Kamanan Leonardonun dəqiq ötürməsini eyni dəqiqliklə qola çevirib - 3:0. Bu qoldan sonra əvəzetmələrə üstünlük verən "Qəbələ" 76-cı dəqiqədə qapısında qol görüb. Ferhat Görgülü hesab arasındakı fərqi azaldıb və matçın nəticəsini müəyyənləşdirib - 3:1.
Beləliklə, "Qəbələ" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk matçda inamlı qələbə qazanıb.