“Qəbələ” 2023/24 mövsümünün ikinci yarısının hazırlığına start verib. Misli Premyer Liqasının XVIII turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib.
Komandamız qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.