“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir. Azərbaycan Premyer Liqasının III turunun avqustun 31-də keçirilən “Keşlə” ilə ev oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən bir araya gəlib. Paytaxtda toplaşan “qırmızı-qaralar” hazırlığa Bakı Olimpiya Stadionunda start verib. Futbolçular ilk gündə fiziki çalışmalarla kifayətləniblər.
Bu gün səhər məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirən “Qəbələ” axşam hazırlığını Bakı Olimpiya Stadionunda keçirib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra ediblər. Baş məşqçi vəzifəsini icra edən Elmar Baxşıyevin rəhbərliyi altında keçən məşqdə milli komandaların heyətində olan futbolçular – Amin Seydiyev, İdris İnqilablı, Rövlan Muradov və Klesio Bauk iştirak etməyiblər.
Sabah keçiriləcək növbəti məşq də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Baxşıyevin yetirmələri sentyabrın 7-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq. Matç Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.