Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. “Qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Komandamızın baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, “qırmızı-qaralar” növbəti oyununu martın 30-da keçirəcək. Topaz Premyer Liqasının XXVII turunun qarşılaşmasında komandamız AZAL-ın qonağı olacaq.