"AZ Alkmaar" - "Qəbələ" 2:0
Tankoviç, 37, 70
Hollandiyada növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" toplanış çərçivəsində ikinci oyununu keçirib. İlk matçda "AFC Arnem"i 4:0 hesabilə məğlub edən "qırmızı-qaralar" bu dəfə Hollandiyanın çempionatının güclü kollektivlərindən biri olan "AZ Alkmaar"la qarşılaşıb.
Komandaların start heyətləri:
"AZ Akmaar":Yves De Winter, Mattias Johansson, Jeffrey Gouweleeuw, Jan Wuytens, Simon Poulsen, Markus Henriksen, Nemanja Gudelj, Viktor Elm, Steven Berghuis, Muamer Tankovic, Guus Hupperts
"Qəbələ": Kamran Ağayev, Ürfan Abbasov, Volodimir Levin, Şirməhəmməd Məmmədov, Pavol Farkaş, Ruslan Abışov, Nizami Hacıyev, Adrian Ropotan, Cavid Hüseynov, Markinyoş, Viktor Mendi.
Matç Ukrayna səmasında vurulan Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən Malayziyaya məxsus təyyarədə həlak olmuş sərnişinlərin xatirəsinin yad olunması ilə başlayıb. Komandalar meydançaya qara sarğı ilə çıxıblar.
Matç tərəflərin qarşılıqlı hücumları şəraitində keçib. İlk yarım saat ərzində komandamız bir neçə əlverişli qol epizodu yaratsa da, rəqib qapıçının diqqətli oyunu "Qəbələ"nin önə keçməsinə imkan verməyib. Əvəzində hollandlar 37-ci dəqiqədə hesabı aşıblar. Tankoviç penalti zərbəsindən ilk hissənin hesabını müəyyənləşdirib - 1:0.
İkinci hissə də eyni ssenari üzrə davam edib. "Qəbələ" bir neçə epizodda hesabı bərabərləşdirmək imkanı yaxalasa da, bunlardan yararlana bilməyib. Xüsusilə, Cavid Hüseynovun 65-ci dəqiqədə qapıçı ilə üzbəüz qaldığı epizod təhlükəli alınıb. Lakin Hüseynovun qapıçının üzərindən aşırdığı top qeyri-dəqiq alınıb. 70-ci dəqiqədə "AZ Alkmaar" hesab arasındakı fərqi ikiyə çatdırıb. Tankoviç dublunu rəsmiləşdirməklə yanaşı oyunda da son nöqtəni qoyub - 2:0.
"Qəbələ" toplanış çərçivəsində üçüncü oyununu iyulun 23-də keçirəcək. Komandamızın rəqibi Türkiyə təmsilçisi "Konyaspor" olacaq.