Azərbaycan Premyer Liqasının XV turunun “Sabah” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Düşündüyümüz kimi oyun ağır keçdi. Bilirdik ki, “Sabah” da iddialı və heyətində yaxşı futbolçuların cəmləşdiyi komandadır. Görüşə yaxşı başladıq. Əfsuslar olsun ki, epizodları dəyərləndirmədik. Rəqib əlinə düşən imkanlardan yararlandı və layiqli qələbə qazandı. Hakimlərin işinə də qiymət verən qurum var. İnanırıq ki, onlar da öz qeydlərini aparacaqlar. Bizə göstərilən sarı vərəqənin niyə görə verilməsi sual olaraq qaldı. Ümumilikdə baş hakim görüşü normal idarə etdi. Ola bilər ki, hər hansı xırda follar bizə fərqli görünürdü. Amma ümumi götürsək, normal idarəçilik oldu. Ruan Renato sarı vərəqə üzündən bu matçda yox idi. 13-14 futbolçumuz var, digərləri gənclərdir. Hər bir itki oyunumuza təsir edir. Ruan Renato aparıcı futbolçularımızdandır. Düşünürəm ki, “Qəbələ” komanda olaraq ruhdan düşməyəcək, daha da iddiasını ortaya qoyacaq”.