“Qəbələ” – “Sabah” – 2:1
31 oktyabr 2020. Saat 14:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Kamran Bayramov
Dördüncü hakim: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Asif Məmmədov, 19 (qeyri-idman hərəkəti); Tərlan Əhmədli, 89 (oyunun bərpasının ləngidilməsi) // Nikola Vuyadinoviç, 35 (hakimin qərarına etiraz), 68 (qeyri-idman hərəkəti); Filip İvanoviç, 36 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 42 (qeyri-idman hərəkəti); Ramil Şeydayev, 82 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Nikola Vuyadinoviç, 68
Qollar: Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.
Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib. VIII turun ilk qarşılaşması Qəbələdə baş tutub. “Sabah”ı qəbul edən “Qəbələ” növbəti ev matçına çıxıb. Komandalar oyundan öncə torpaqlarımızı işğaldan azad edən Ordumuza dəstək nümayiş etdirən “İlham Əliyev: Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik!” pankartını qaldırıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində 4 dəyişiklik edib. Asif Məmmədov, Yusif Nəbiyev, Cavid Hüseynov, Stefan Vukçeviç ilk “11-lik”də yer alıb. Onlar Murad Musayev, Rövlan Muradov, Faiq Hacıyev və cəzalı Merab Qiqaurini əvəzləyib.
Görüşün ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. Qapılar önündə azsaylı epizodlar diqqət çəkib. Nikolas Rayselin uzaq zərbəsi yaddaqalan olsa da, qapının üstündən keçib. Mərkəzdən cərimə meydanına qədər irəliləyən Asif Məmmədovun qapıçı meydançası önünə ötürməsi qolla nəticələnib. Yusif Nəbiyevin baş zərbəsi dəqiq olub – 1:0. Bu, “Qəbələ”də 25-ci oyununa çıxan futbolçunun “qırmızı-qara” formada ilk qolu olub. Bu qoldan sonra qonaqlar daha çox hücum etsə də, müdafiə xətti etibarlı oynayıb. Fasilə ərəfəsində komandamız fərqi artırmaq imkanı əldə edib. Lakin Rafael Utziq əlverişli imkanı qaçırıb.
İkinci hissə erkən qolla başlayıb. Düzdür, Rafael Utziq daha bir əlverişli epizoddan istifadə edə bilməyib. Amma az keçməmiş komanda yoldaşından ideal ötürmə alan Nikolas Raysel qapıçı ilə üz-üzə qalıb. Dəqiq zərbə ilə hesabdakı fərqi artıran hücumçu cari mövsümdə ilk, ümumilikdə 5-ci qoluna imza atıb – 2:0. Bu topdan sonra qarşılaşmada daha maraqlı mübarizə yaşanıb. Bakılılar məğlubiyyətdən qaçmaq üçün daha böyük qüvvə ilə irəli atılıb. Bu, “Qəbələ”yə sürətli əks-hücumlar qurmaq imkanı verib. Rəqib hücumlarından birində Anar Nəzirov zədələnərək əvəzlənib. Komandamızın təşkil etdiyi hücum zamanı Cavid Hüseynovun qarşısını kobudluqla alan “Sabah”ın futbolçusu qırmızı vərəqə alıb. Rəqib azlıqda qaldıqdan sonra “qırmızı-qaralar”ın hücumları daha təhlükəli alınıb. Roman Hüseynov və Nikolas Rayselin zərbələrində dəqiqlik çatmayıb. Paytaxt təmsilçisi fərqi azaltmağa müvəffəq olduqdan sonra Tərlan Əhmədli iki seyvlə komandanı xilas edib. Rəqib qolkiper isə Ceyms Adeniyinin cərimə meydanı daxilindən endirdiyi iki zərbəni dəf etməyi bacarıb. Matçın son saniyələrində isə daha bir futbolçumuz – Asif Məmmədov zədələnərək meydanı tərk edib. Qələbə hesabını sonadək qoruyan Baxşıyevin yetirmələri meydandan qalib ayrılıb. Beləliklə, çempionatın II dövrəsinə 3 xalla başlayan “Qəbələ” mövsümdə ilk qələbəsini qazanıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
(94. Tərlan Əhmədli, 65)
11. Asif Məmmədov
74. Yusif Nəbiyev
14. Cavid Hüseynov
(7. Roman Hüseynov, 78)
99. Ceyms Adeniyi
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
(9. Ehtiram Şahverdiyev, 72)
55. İdris İnqilablı
Ehtiyat oyunçular:
28. Murad Musayev
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
10. Rövlan Muradov
20. Faiq Hacıyev
19. Samir Qurbanov
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”
1. Saşa Stamenkoviç (k)
7. Coşqun Diniyev
90. Ramil Şeydayev
14. Slavik Alxasov
13. Filip İvanoviç
23. Amadu Diallo
10. Yevgeni Koçuk
(17. Məhəmməd Mirzəbəyov, 71)
5. Nikola Vuyadinoviç
11. Ozan Can Kökcü
(18. Xulio Sezar Rodriqez, 53)
2. Amin Seydiyev
77. Veysəl Rzayev
(46. Aleksey İsayev, 46)
Ehtiyat oyunçular:
12. Alvaro Villete
94. Nicat Mehbalıyev
15. Ruslan Abışov
3. Ulise Diallo
60. Abbas Ağazadə
29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez