“Qəbələ” (Azərbaycan) – “Çukariçki” (Serbiya) – 2:0
UEFA Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunu
23 iyul. Saat 21:00. Bakı. “Bakcell Arena” stadionu
Baş hakim: Radek Prjixoda (Çexiya)
Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski (hər ikisi Çexiya)
Dördüncü hakim: Pavel Orel (Çexiya)
UEFA nümayəndəsi: Per Svard (İsveç)
Hakim-inspektor: Andreas Şluxter (İsveçrə)
Sarı vərəqələr: Rafael Santos, 67, Sergey Zenyov, 81, Lukas Plasentin, 90+3
Qollar: Sergey Zenyov, 39, 53
Artırılan vaxt: I hissədə 0 dəq., II hissədə 4 dəq.
İlk oyun – 0:1
Bu gün UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” II təsnifat mərhələsinin cavab oyununu keçirib. “Qırmızı-qaralar” Bakıdakı “Bakcell Arena” stadionunda Serbiyanın “Çukariçki” klubunu qəbul edib. Səfərdəki ilk qarşılaşmada 0:1 hesabı ilə uduzan komandamız ev matçına qələbə əzmi ilə çıxıb. İlk oyunla müqayisədə Roman Qriqorçuk start heyətində iki dəyişiklik edib. Sarı vərəqələrə görə cəzalı duruma düşən Vitali Vernidubla Georgi Floreskunun yoxluğunda Vojislav Stankoviç və Samir Zərgərov ilk “11-lik”də yer alıb. “Çukariçki” isə matça bir həftə əvvəlki heyətlə başlayıb.
İlk hissə qarşılıqlı hücumlarla start götürüb. Matçın startında qapılar önündə qol vəziyyətləri yaranmasa da, “Qəbələ”nin ərazi üstünlüyünə yiyələnməsi ilə qonaqların qapısı önündə gərginlik artıb. Cavid Hüseynovun sağ cinahdan cərimə meydanına daxil olub qapıçı ilə üz-üzə qalması təhlükə ilə nəticələnib. Qolkiper topu Rikardinyonun üstünə qaytarıb ki, braziliyanın aşırma zərbə vurmaq istəyi alınmayıb. Ardınca müdafiəçilərin başladığı hücum qolla nəticələnə bilərdi. Lakin arxa xətdən ötürmə alan Aleksey Antonovun cərimə meydanına göndərdiyi topa heç kim çatmayıb. 27-ci dəqiqədə isə serbiyalıları qapıçı xilas edib. O, əvvəl Sergey Zenyov, ardınca Antonovun zərbəsini qaytarıb. Növbəti təkrar zərbəni vurmaqda isə oyunçularımız bir-birinə mane olub. “Çukariçki”nin həmləsi də qapıya zərbə ilə nəticələnib. Cərimə meydanında topa yiyələnib, müdafiəçilərdən sıyrılan Yankoviçin 7 metrdən endirdiyi zərbəyə Dmitri Bezotosnı reaksiya verə bilib. Komandamız 39-cu dəqiqədə hesabı açıb. Cavid Hüseynovun cərimə meydanına ötürməsindən sonra 4 serbiyalının əhatəsində olan Zenyov qarşısıalınmaz zərbə vurub – 1:0. Bu, estoniyalının “Qəbələ”də ilk qolu olub.
İkinci hissəyə də “qırmızı-qaralar” daha fəal başlayıb. Bu da nəticəsini verib. Antonovdan ötürmə alan Zenyov sol cinahla irəliləyərək, cərimə meydanına daxil olub, uzaq küncü dəqiq nişan alıb – 2:0. Ardınca künc zərbəsindən ötürülən topu tamamlayan Aleksey Qay çərçivəyə düşməyib. “Çukariçki” böyük qüvvə ilə irəli atılıb, oyunda dönüş yaratmağa çalışıb. Lakin komandamızın müdafiə xətti və Bezotosnı inamlı oynayıb. 72-ci dəqiqədə Qayın ötürməsindən sonra qapıçı meydanının sol küncündən zərbə endirən Arif Daşdəmirovun zərbəsinin qarşısını müdafiəçi alıb. Müdafiənin mərkəzindəki boşluqdan yararlanıb, qapıçı ilə təkbətək çıxan Stoilkoviçin zərbəsi tirin üstündən keçib. Əvəzetmələr hesabına üstünlüyə yiyələnən rəqib müdafiə xəttini yara bilməyib. Bu, “Qəbələ”yə əks hücumlar təşkil etmək üçün imkan yaradıb. Uzatma dəqiqələrində belə həmlə zamanı Qayın təxminən 20 metrdən vurduğu zərbəni rəqib qapıçı çətinliklə qaytarıb.
Beləliklə, I təsnifat mərhələsinin Gürcüstan “Dinamo”su (Tiflis) ilə oyununda olduğu kimi yenə evdə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” növbəti raunda yüksəlib.
“Qəbələ”
22. Dmitri Bezotosnı
20. Rikardinyo
3. Vojislav Stankoviç
34. Ürfan Abbasov
44. Rafael Santos
66. Samir Zərgərov
(21. Arif Daşdəmirov, 70)
6. Rəşad Sadiqov
14. Cavid Hüseynov (k)
19. Aleksey Qay
9. Sergey Zenyov
69. Aleksey Antonov
(10. Dodo, 90)
Ehtiyat oyunçular:
1. Andrey Popoviç
4. Elvin Camalov
8. Məhəmməd Mirzəbəyov
11. Asif Məmmədov
13. Murad Musayev
Baş məşqçi: Roman Qriqorçuk
“Çukariçki”
12. Nemanya Stevanoviç
4. Lukas Plasentin
22. Filip Stoykoviç
23. Bojan Ostojiç
31. Rayko Brezançiç (k)
6. Draqolyub Srniç
(20. Reqan Obenq, 55)
8. Branislav Yankoviç
(10. İqor Matiç, 76)
24. Petar Bojiç
9. Nikola Stoilkoviç
11. Andriya Pavloviç
14. Slavolyub Srniç
(7. Stanişa Mandiç, 81)
Ehtiyat oyunçular
1. Nikola Petriç
5. Marko Ranceloviç
19. Saşa Yovanoviç
30. Nenad Mirosavlyeviç
Baş məşqçi: Vladan Miloyeviç