“Qəbələ” – MTK (Macarıstan) – 2:0
UEFA Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunu
21 iyul. Saat 21:00. Bakı. “Bakcell Arena”
Baş hakim: Mete Kalkavan (Türkiyə)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Esat Sancaktar (hər ikisi Türkiyə)
Dördüncü hakim: Serkan Çinar (Türkiyə)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Markku Lehtola (Finlandiya)
Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37
Sarı vərəqələr: Vojislav Stankoviç, 16 // Akos Baki, 35, Mato Qrqiç, 85
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
“Qəbələ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” II təsnifat mərhələsinin cavab görüşündə Macarıstanın MTK klubu ilə görüşüb. Komandamızın baş məşqçisi Roman Qriqorçuk ötən həftə səfərdə keçirilən qarşılaşma (2:1) ilə müqayisədə start heyətində heç bir dəyişiklik etməyib.
Matça qonaqlar daha fəal başlayıb. Amma “Qəbələ” macarıstanlılara üstünlüyə yiyələnmək imkanı verməyib. Bunun nəticəsi olaraq, komandamız erkən qol vurub. Qarşılaşmanın 7-ci dəqiqəsində Teo Uiksin qurduğu hücumdan sonra ondan ötürmə alan Baqali Dabo topu əlverişli mövqedə olan Sergey Zenyova ünvanlayıb. Qapıçı ilə üz-üzə qalan estoniyalı “Qəbələ”də 4-ü avrokuboklarda olmaqla, 6-cı qolunu vurub. Hesab açılandan sonra da hücumlarını davam etdirən “qırmızı-qaralar” rəqibin müdafiə səddini yarmaqda çətinliklə üzləşib. Düzdür, MTK futbolçuları da “Qəbələ”nin qapısına doğru həmlələr təşkil etməyə çalışıb. Lakin qapılar önündə növbəti təhlükəli epizod yalnız 28-ci dəqiqədə yaşanıb. Cərimə meydanının önünədək irəliləyən Uiks qüvvətli zərbə ilə çərçivəni nişan alıb. Lakin liberiyalıya dəqiqlik çatmayıb. Bir neçə dəqiqə sonra isə Nika Kvekveskirinin kornerdən göndərdiyi topa Vitali Vernidub qüvvətli zərbə endirib. Lakin müdafiəçilər topun önünü kəsiblər. 37-ci dəqiqədə “qırmızı-qaralar” fərqi artırıb. Rəşad Sadiqovdan ötürmə alan Dabo qarşılaşmada ikinci dəfə qola assistentlik edib. Bu dəfə onun cinahdan qapı önünə göndərdiyi topu Uiks başla qapıdan keçirib – 2:0. Fərqi artırdıqdan sonra cütün taleyinə böyük ölçüdə aydınlıq gətirən “qırmızı-qaralar” fasiləyədək üstünlüyü əldən verməyib.
Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Qarşılıqlı hücumlar təşkil edən komandalar real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Qonaqların künc zərbəsindən sonra Barnabaş Beşe başla dəqiq oynaya bilməyib. Ardınca Uiksin Dabonu qapıçı ilə üz-üzə çıxarmaq istəyinin gerçəkləşməsinə isə topun qarşısını kəsən müdafiəçilər imkan verməyib. 61-ci dəqiqədə Uikslə paslasan Sadiqov 11 metrlik nöqtənin yaxınlığından qapını nişan alıb. Amma ona dəqiqlik çatmayıb. Filip Ozobiçin qüvvətli zərbəsindən sonra isə rəqib qapıçı topu dəf edib. Bundan sonra da üstünlüyü əldən verməyən “Qəbələ” ardıcıl hücumlar təşkil edib. Qonaqlar isə daha çox əks-həmlələrə ümid edib. Zenyovun cinahdan qapı önünə təhlükəli ötürməsi zamanı müdafiəçilər daha sayıq tərpənib.
Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” III təsnifat mərhələsinə yüksəlib. “Qırmızı-qaralar” bu mərhələdə Fransanın “Lill” klubu ilə üz-üzə gələcək.
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
(44. Rafael Santos, 88)
6. Rəşad Sadiqov (k)
7. Nika Kvekveskiri
(4. Elvin Camalov, 79)
9. Sergey Zenyov
(11. Asif Məmmədov, 77)
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
13. Murad Musayev
32. Rəşad Eyyubov
34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
MTK
1. Layos Heqeduş
4. Akos Baki
5. Mato Qrqiç
9. Darko Nikaç
(13. Adam Hrepka, 52)
10. Lorand Sotmari
14. Şandor Torgelle
18. Barnabaş Beşe
(27. Sobolç Varqa, 78)
19. Yozef Konto (k)
(30. Balint Borbey, 73)
23. Daniel Vaqnar
24. Patrik Poor
38. Adam Voşş
Ehtiyat oyunçular:
28. Federiko Qroppioni
17. Adam Şrammel
21. Draqan Vukmir
26. İştvan Şatmari
Baş məşqçi: Vasilis Teodoru