“Qəbələ” – “İnter” – 0:0
03 aprel 2016. Saat 19:00. Qəbələ şəhər stadionu, 450 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Asif Məmmədov, 54 (hakim qərarına etiraz) // Laşa Salukvadze, 59 (qeyri-idman hərəkəti); Yuri Fomenko, 90+2 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 5 dəq.
Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunları keçirilib. “Qəbələ” mövsümün IV dövrəsinə ev qarşılaşması ilə start verib. “Qırmızı-qaralar” doğma arenada “İnter”i qəbul edib. Komandamız ötən turun AZAL-la oyunu ilə müqayisədə meydana 3 dəyişikliklə çıxıb. Ruslan Abışov, Ürfan Abbasov və Ermin Zets bu dəfə start “11-lik”dən kənar qalıb. Əvəzində Vojislav Stankoviç, Sergey Zenyov və Arif Daşdəmirov ilk dəqiqələrdən meydanda olub. “Qəbələ” – “İnter” oyunu şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Görüşün ilk yarısı qarşılıqlı hücumlarla keçsə də, qapılar önündə real qol vəziyyətləri çox olmayıb. Düzdür, cüzi üstünlüyə malik komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da, fasiləyədək azarkeşlər qol görməyib. Matçın 5-ci dəqiqəsində komanda yoldaşından ötürmə alan Zenyov cərimə meydanı daxilində irəliləyib, zərbə endirsə də, çərçivəyə düşməyib. Qonaqların müdafiə səddini yarmaqda çətinlik çəkən “qırmızı-qaralar” bir neçə uzaq zərbəsi ilə rəqib qolkiperi sınağa çəkib. 22-ci dəqiqədə Asif Məmmədovun cərimə meydanı xaricindən zərbəsini Kamran Ağayev küncə çıxarıb. Ardıcıl iki korner zamanı da bakılıların qapısı önündə gərginlik yaşansa da, futbolçularımız hesabı aça bilməyib. Az keçməmiş Rikardinyo təxminən 20 metrdən “doqquzluğ”u nişan alıb. Lakin müdafiəçilərdən birinə toxunan top küncə çıxıb.
Fasilədən sonra oyunun ssenarisi dəyişməyib. “Qəbələ”nin üstünlüyü ilə keçən 45 dəqiqə qarşılıqlı hücumlarla yadda qalıb. Roman Qriqorçukun hücumların kəsərini artırmaq üçün əl atdığı əvəzetmələr də nəticəyə təsir etməyib. Düzdür, Rəşad Eyyubovun matça fəal qoşulması qonaqların qapısı önündə gərginliyi artırıb. Yarımmüdafiəçinin yerinə yetirdiyi cərimə zərbəsi xüsusilə təhlükəli alınıb. Amma onun qapıya göndərdiyi top tirin üstündən keçib. Aleksey Qayın cərimə meydanına daxil olduğu epizodda isə onun qapıya paralel ötürməsinə Giorgi Lomaya mane olub. Ukraynalı yarımmüdafiəçi künc zərbəsindən sonra da hamıdan hündürə qalxıb, baş zərbəsi ilə çərçivəni nişan alıb. Lakin bu dəfə də Lomaya inamlı oynayıb. Aleksey Antonovun meydana daxil olması ilə “qırmızı-qaralar” rəqib qapısına təzyiqi daha da artırıb. Amma əks-hücumlara ümid edib, müdafiəyə qapanan paytaxt təmsilçisinin arxa xəttini keçmək mümkün olmayıb.
Beləliklə, “Qəbələ” “İnter”lə ev oyunlarında ardıcıl 4-cü dəfə heç-heçəylə kifayətlənib. Lakin 1:1 hesabı ilə başa çatan əvvəlki 3 matçdan fərqli bu dəfə qolsuz sülh qeydə alınıb.
“Qəbələ”
22. Dmitri Bezotosni
3. Voislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
9. Sergey Zenyov
(69. Aleksey Antonov, 85)
11. Asif Məmmədov
(32. Rəşad Eyubov, 56)
19. Aleksey Qay
20. Rikardinyo
21. Arif Daşdəmirov
44. Rafael Santos
66. Samir Zərgərov
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
5. Pavel Paşayev
15. Vitali Vernidub
87. Ruslan Abışov
97. Roman Hüseynov
Baş məşqçi: Roman Qriqorçuk
“İnter”
1. Kamran Ağayev (k)
(79. Giorgi Lomaya, 78)
3. Denis Silva
6. Laşa Salukvadze
7. Nika Kvekveskiri
12. Ruslan Əmircanov
14. Zurab Xizanişvili
17. Vüqar Nadirov
22. İlkin Qırtımov
23. Sezar Meza Kolli
(10. Elnur Abdullayev, 78)
24. Fuad Bayramov
77. Mirsahib Abbasov
(20. Yuri Fomenko, 66)
Ehtiyat oyunçular:
2. Sərtan Taşkın
4. Laşa Kasradze
19. Mirhüseyn Seyidov
30. Abbas Hüseynov
Baş məşqçi: Zaur Svanadze