«Qəbələ» «İzmir Cup» turnirində mübarizəyə start verdi
Xəbərlər / 6 Aprel 2019 | 06:19985
«Qəbələ» «İzmir Cup» turnirində mübarizəyə start verdi

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi “İzmir Cup”da mübarizəyə başlayıb. Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 beynəlxalq turnirin ilk günündə dörd matç keçirib. G qrupunda qüvvəsini sınayan “Qəbələ” ilk görüşdə "Brügge" (Belçika) ilə üz-üzə gəlib. Bu oyun bir dəqiqəlik sükutla başlayıb. Hər iki komanda matçın baş hakiminin müşayiətilə Aprel döyüşlərində həlak olmuş həmyerlilərimizin xatirəsini yad ediblər. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Ardınca "Benfika" (Portuqaliya) və "Valensiya"ya (İspaniya) eyni - 0:2 hesabı ilə uduzan komandamız ilk oyun gününün son qarşılaşmasında "Qrashoppers"ə (İsveçrə) qalib gəlib - 2:1. Komandamızın qollarına Ziya Şəkərxanov və Hikmət Cəbrayılzadə imza atıblar.

“Qəbələ” aprelin 6-da “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Hollandiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirdə 72 komanda 8 qrupda mübarizə aparır. Hər qrupda ilk dörd yeri tutan komanda aprelin 7-də final mərhələsində mübarizə aparacaq.