Premyer Liqanın dördüncü turundan sonra 4 günlük istirahətə buraxılan “Qəbələ” avqustun 31-i doğma şəhərində biraraya gəlib. Gündəlik iki məşqlə “Kəpəz” oyununun hazırlıqlarını davam etdirən komandaya yığmalara dəvət alan Anar Nəzirov, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Urfan Abbasov, Deyan Kelhar və Omar Kalabane qatılmayıb.
Anar Nəzirov, Nodar Məmmədov, Vurğun Hüseynov və Aleksandr Çertoqanov 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail (7 sentyabr) və Portuqaliya (11 sentyabr) millilərinə qarşı oyunlara hazırlıq məqsədilə Azərbaycan yığmasının düşərgəsinə yollanıblar. Ürfan Abbasov isə Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandasına dəvət alıb. Gənc müdafiəçimizin yer aldığı millimiz 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İngiltərə ilə üz-üzə gələcək. Deyan Kelhar isə Sloveniyanın heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə (7 sentyabr) və Norveçə (11 sentyabr) qarşı forma geyinmək şansı qazanıb. Kalabane isə kapitanı olduğu Qvineya yığması ilə Nigeriyaya (9 sentyabr) qarşı mübarizə aparacaq.
Zədəsi sağalmaqda olan Murad Musayev isə komandadan ayrı məşq edir.
Məşq prosesinin ikinci günü futbolçular fiziki dözümlülük testindən keçiriliblər. Sentyabrın 15-i baş tutacaq “Kəpəz” matçına qədər “Qəbələ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən matçlarda “Qəbələ”nin əsas heyəti əvəzedici heyətlə üz-üzə gələcək. Qarşılaşmalar sentyabrın 5-i və 8-i keçiriləcək.