«Qəbələ kuboku 6» turnirinə yekun vuruldu
Xəbərlər / 19 Avqust 2023 | 15:521652
«Qəbələ kuboku 6» turnirinə yekun vuruldu

Şəhid Rüstəm Atakişiyevin xatirəsinə həsr olunmuş həvəskarlar arasında “Qəbələ kuboku 6” futbol turnirinə yekun vurulub. “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışda 12 komanda 3 qrupda mübarizə aparıb. “Qəbələ kuboku 6”nın finalında “Dinamo Qəbələ” və Kiçik Əmili kəndinin komandaları üz-üzə gəlib.

Bu qarşılaşmada 5:2 hesablı qələbə qazanan “Dinamo Qəbələ” kubokun qalibi olub. 3-cü yeri “Soltannuxa” tutub. Finaldan sonra təşkil olunan mükafatlandırma mərasiminə “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov, baş məşqçisi Elmar Baxşıyev, baş meneceri Nail Kərimov, klubun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev, Qəbələdən olan şəhidlərin valideynləri, övladları və yaxınları da qatılıb. Tədbirdə Fariz Nəcəfov, şəhidin ailə üzvləri və yaxınları çıxış edib. Klub prezidenti şəhid Rüstəm Atakişiyevin döyüş yolundan danışıb. Onun gələcək nəsillərə örnək olduğunu bildirən Fariz Nəcəfov şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim edib. Mərasimdə turnirin qalibi kubokla, mükafatçılar medal, diplom və hədiyyələrlə təltif olunub.