«Qəbələ» Lənkərandan 3 xalla dönür
Xəbərlər / 23 Aprel 2016 | 15:16162
«Qəbələ» Lənkərandan 3 xalla dönür

“Xəzər Lənkəran” – “Qəbələ” – 0:1
23 aprel 2016. Saat 16:30. “Xəzər Lənkəran” mərkəzi stadionu, 2000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vaqif Musayev
Dördüncü hakim: Fərid Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Mahsun Qəmbərli, 24 (qeyri-idman hərəkəti); Nodar Məmmədov, 88 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 88 (qeyri-idman hərəkəti) // Vitali Vernidub, 62 (qeyri-idman hərəkəti); Samir Zərgərov, 66 (qeyri-idman hərəkəti)
Qollar: Aleksey Qay, 9
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
Bu gün “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” XXXI tur çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşıb. Komandamız səfər oyununa ötən turun “Rəvan”la matçı ilə müqayisədə fərqli start heyəti ilə başlayıb. Sergey Zenyov, Ürfan Abbasov, Ruslan Abışov və cəzalı Elvin Camalovun yoxluğunda “11-lik”də Murad Musayev, Aleksey Qay, Rəşad Eyyubov və Samir Zərgərov yer alıblar. Camalovla yanaşı, sarı vərəqə limiti üzündən Vojislav Stankoviç, həmçinin baş məşqçi Roman Qriqorçuk Lənkərandakı görüşdə cəzalı durumda olub. Ukraynalı mütəxəssisi texniki zonada köməkçisi Mixaylo Savka əvəzləyib. “Xəzər Lənkəran”la matç Murad üçün cari mövsümdə əsas komandanın heyətində ilk oyun olub. İlk dəqiqələrdən qarşılaşmaya fəal başlayan komandamız üstünlüyünü erkən qola çevirə bilib. Rəşad Sadiqovun ötürməsindən sonra Aleksey Qay fərqlənib. Ötən turu cəza üzündən buraxan yarımmüdafiəçi qayıdışını bu qolla qeyd edib. Aleksey Premyer Liqanın cari mövsümündə 8-ci dəfə fərqlənib. Bununla da o, həm komandanın ən yaxşı bombardiri olub, həm də karyerasının rekordunu təkrarlayıb. 34 yaşlı yarımmüdafiəçi karyerasında 3-cü dəfə çempionatın bir mövsümündə 8 qol vurur. Hesab açıldıqdan sonra da ərazi üstünlüyünü əldən verməyən “qırmızı-qaralar” fasiləyədək rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin yaradılan qol imkanlarından istifadə olunmayıb. Aleksey Antonovun bir neçə zərbəsi də yaddaqalan olsa da, hesab dəyişməyib. Meydan sahiblərinin əks-hücum cəhdləri də nəticəsiz qalıb. Fasilədən sonra oyunun ssenarisi dəyişib. “Xəzər Lənkəran”ın gənc futbolçuları fəallığı artırıb, oyunun axarını tarazlaşdırıb. Qarşılıqlı hücumlar təşkil edən tərəflər real qol vəziyyəti yaratmaqda çətinliklə üzləşib. Düzdür, Zərgərovun uzaq zərbəsi yaddaqalan olub. Lakin onun çərçivəyə ünvanladığı top tirin üstündən keçib. Lənkəranlıların zərbələrində isə dəqiqlik çatmayıb. Bir neçə dəfə oyuna daxil olan Dmitri Bezotosnı da inamlı oyunu ilə hesabın dəyişməsinə imkan verməyib. Bununla da ukraynalı qapıçı mövsümdə 15-ci quru oyununu keçirib. Beləliklə, ardıcıl 2-ci qələbəsini qazanan “Qəbələ” xal hesabını 49-a çatdırıb və 3-cü pilləyə yüksəlib.

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov
6. Asif Mirili
8. Vüqar Bəybalayev
(12. İlyas Səfərzadə, 79)
10. Tural Qürbətov
15. Nodar Məmmədov
17. Vaquf Güləliyev
18. Tural Cəlilov (k)
32. Zaman Mirzəzadə
(9. Bayram Budaqov, 74)
41. Hüseyn Xəlilzadə
(7. Orxan Səfiyaroğlu, 46)
99. Mahsun Qəmbərli

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
35. Elfad Baləhmədov
45. Heydər Babayev
47. Mirabbas Qədirli

Baş məşqçi: Elbrus Məmmədov

“Qəbələ”
22. Dmitri Bezotosnı
6. Rəşad Sadiqov (k)
11. Asif Məmmədov
15. Vitali Vernidub
13. Murad Musayev
19. Aleksey Qay
20. Rikardinyo
21. Arif Daşdəmirov
32. Rəşad Eyubov
(8. Məhəmməd Mirzəbəyov, 90+4)
66. Samir Zərgərov
(34. Urfan Abbasov, 88)
69. Aleksey Antonov
(77. Ehtiram Şahverdiyev, 82)

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
5. Pavel Paşayev
25. Qismət Alıyev
90. Ramil Hasanov

Məşqçi: Mixaylo Savka