«Qəbələ»li futbolçuların Caspian Cup-da uğurlu çıxışı
Xəbərlər / 3 İyun 2013 | 08:13395
AFFA-nın təşkilatçılığı ilə keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən III Caspian Cup beynəlxalq turniri davam edir. Azərbaycan yığmasının sıralarında yer alan 6 futbolçumuz - Yusif Şirinov, Fərid Əsədli, Emin Zamanov, Roman Hüseynov, Yusif Nəbiyev və Bəhlul Mustafazadə uğurlu çıxışları ilə diqqət çəkirlər. Yığmamızın turnirdəki ilk matçında - Qırğızıstan millisi ilə qarşılaşmada "qırmızı-qaralar" meydançada 4 futbolçu ilə təmsil olunub. Əsas heyətdə yer alan Yusif Şirinov, Emin Zamanov, Roman Hüseynov və Bəhlul Mustafazadə (k) matçı əvəzlənmədən tamamlayıb. Oyunda 7:0 hesabilə qalib gələn millimizin qələbəsində 1 qolla Roman Hüseynov da pay sahibi olub.
"Qəbələ"li futbolçular yığma komandanın ikinci oyununda - ABŞ-la görüşdə də uğurlu çıxışlarını davam etdiriblər. Əsas heyətdə meydançaya çıxan 5 futbolçumuz - Yusif Şirinov, Fərid Əsədli, Emin Zamanov, Roman Hüseynov və Bəhlul Mustafazadə (k) final fitinədək mübarizə aparıblar. Azərbaycan ABŞ üzərində 2:1-lik əzmkar qələbə qazanıb və sözügedən qarşılaşmada bərabərlik qolu Roman Hüseynovun aktivinə yazılıb.
Bu gün turnirdə yarımfinal oyunları keçiriləcək. Saat 17:00-da Azərbaycan və Gürcüstan, saat 20:00-da isə Türkiyə və Yaponiya yığmaları qarşılaşacaq. Hər iki oyun Bayıl stadionunda baş tutacaq.