Ötən həftə “Qəbələ” - “Barselona” əməkdaşlığının növbəti mərhələsinə start verildi. Belə ki, öncədən nəzərdə tutulduğu kimi, “Qəbələ” Futbol Akademiyasının məşqçilər heyəti təcrübə toplamaq məqsədi ilə Barselonaya səfər etdi.
Akademiya direktoru Ali Yavaşın rəhbərlik etdiyi heyətdə Nail Kərimov (akademiya direktoru müavini), Halim Fıçıcı (baş məşqçi), Famil Xəlilov (U-17-nin məşqçisi), Eldəniz Süleymanov (U-16-nın məşqçisi), Hüseynqulu Quliyev (U-15-in məşqçisi) və Sərdar Qafarov (U-14-ün məşqçisi) yer aldılar.
Fevralın 4-dən 13-ə qədər davam edən səfər işgüzar görüşlər və yaddaqalan hadisələrlə əlamətdar oldu.
Səfərin ilk günü nümayəndə heyəti La Liqa çərçivəsində “Barselona” - “Real Sosyedad” matçını izləyib. Ertəsi gün “Barselona”nın U-9, U-13 və U-14 komandalarının liqa çərçivəsində oyunları seyr edilib, bir müddət öncə Qəbələdə olmuş Moratalyanın başçılıq etdiyi qrupla oyunlar haqqında fikir mübadiləsi aparılıb. Ayın 6-da “Barselona” U-17 və U-16 komandalarının məşqlərini izlənilib. Məşqlərdən sonra həmin komandaların məşqçiləri ilə qısa görüşlər təşkil edilib. Növbəti gün Barselonanın şəhərinin bir sıra önəmli idman obyektləri ilə - Barselona Olimpiya stadionu, Barselona Fiziki Hazırlıq İnstitutu və klubun bəzi təsisləri ilə tanışlıq baş tutub.
“Barselona”nın akademiya futbolçularının məskunlaşdıqları La Masia adlanan yaşayış binası ilə tanışlıq yaddaqalan olub. Əvvəllər “Nou Kamp” stadionunun yaxınlığındakı tikili akademiya binası kimi istifadə olunsa da, yeni bazanın inşasından sonra oraya köçürülüb. Binanın direktoru Karlos Figeroa akademiyada oyunçuları necə yerləşdirdiklərini, onların təhsili və ailə problemləri ilə necə məşğul olduqlarını, qidalanma formasını, ümumilikdə akademiyada futbolçunun gündəlik yaşayış şəkli barədə “Qəbələ” təmsilçilərini məlumatlandırıb. Söhbət zamanı məlum olub ki, bu işlərə xərclənən illik vəsait 1,5 milyon avroya yaxındır. Figeroanın sözlərinə görə, “Barselona” akademiyasında futbolçu-məşqçi münasibətləri məşq və oyunlarla məhdudlaşır. Digər vaxtlarda isə yeniyetmələrlə müəllimlər və tərbiyəçilər məşğul olurlar. Həftəiçi futbolçular vaxtlarını yalnız futbol və təhsilə həsr edirlər, istirahətə isə sadəcə həftənin son iki günündə zaman ayrılır. La Masiada İspaniyanın müxtəlif bölgələri, Koreya və Yaponiyadan tutmuş, Kamerun, Nigeriya, Braziliya, Argentina, Yunanıstana qədər müxtəlif ölkələrdən yaşı 12-dən 18-dək ümumilikdə 49 futbolçu məskunlaşıb. Futbolçularla yanaşı, digər idman növləri ilə məşğul olan 26 yeniyetmə də həmin binada yaşayır. Futbolçu seçimində üstünlük katalanlara verilir. Akademiya komandalarında Barselona ilə yanaşı, Kataloniyanın digər şəhərlərindən də oyunçular var. Jirona, Tarraqona, Lyeyda və s. şəhərlərdən xüsusi taksilər hər gün uşaqlara məşqlərə aparıb-gətirirlər.
Nümayəndə heyətimiz akademiyanın bazası ilə də tanış olub. Burada ümumilikdə 9 – 4 süni, 5 təbii meydança var. Barselonanın iqlimi mülayim olduğuna görə qapalı meydança inşa edilməyib. Müalicə və reabilitasiya mərkəzi ilə də tanışlıq baş tutub. Bazada həmçinin əsas komandanın məşq meydançları var. Lakin həmin meydançalar Quardiolanın tapşırığı əsasında ictimaiyyətə qapalıdır.
“Qəbələ”nin məşqçi heyəti “Barselona” FK Akademiya direktoru Gilyerme Amorla da görüşüb. Barselona” B komandasının məşqini Amorla birlikdə izləyən nümayəndə heyətimiz məşq boyunca ispaniyalı mütəxəssislə fikir mübadiləsi aparıb. Xatırladaq ki, əsas komandanın heyətində gördüyümüz futbolçulardan bir neçəsi də həmin məşqdə iştirak ediblər.
Həftəsonu məşqçi heyətimiz B komandasının İspaniyanın ikinci liqası – “Sequnda” çərçivəsində “Kartaxena” ilə matçı seyr edib.
Məşqçilərimiz dekabr ayında Xosep Moratalyanın rəhbərlik etdiyi kurslarda verilən dərsləri burada canlı seyr etməklə “Barselona”nın məşq və oyun sistemini daha yaxşı qavramaq imkanı əldə ediblər. “Barselona” Futbol Klubunun nəzdindəki bütün komandalar eyni məşq sistemi üzrə hazırlanırlar və bu sistem bütün dünyanın tətbiq etdiyi sistemlərdən tamamilə fərqlənir. Sadəcə onu qeyd etmək kifayətdir ki, bütün məşqlər mütləq topla aparılır, məşq ərzində maksimum 10 dəqiqə topsuz hərəkətlət görmək mümkündür, məşq və oyunlara dartınma-gərilmələrdən istifadə olunmur. Hətta fiziki məşqlər belə topla aparılır, yeniyetmə futbolçu qətiyyən fitness salonuna girə bilməz.
Yaddaqalan matçlardan biri də UEFA tərəfindən yeni təşkil olunmağa başlayan 18 yaşadək futbolçular arasında Çempionlar Liqası çərçivəsində “Barselona” - “Ayaks” oyunu olub. “Barsa” həmin qarşılaşmada məğlub olaraq hollandları finalda “Liverpul”a rəqib etdi. Nümayəndə heyətimiz Kral Kubokunun “Barselona” və “Valensiya” arasında keçirilən yarımfinal matçına da “Nou Kamp”da stadionunda izlədi. Şənbə günü akademiya məşqçiləri U-9, U-11 və U-15 liqalarında “Barsa”nın növbəti oyunlarını seyr edərək işgüzar səfəri başa çatdırdılar.
Beləliklə də, ötən ilin dekabrında Qəbələdə “Barselona”lı məşqçilərin təşkil etdikləri seminarların tamamlanması və seminar mövzularının canlı izlənməsi baş tutub.
May ayında isə Xosep Moratalyanın başçılığı altında ötən il Qəbələyə gəlmiş ispaniyalı məşqçilər heyəti bir daha ölkəmizə buyuracaqlar. Səfər zamanı ispanlar yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar. Eyni zamanda növbəti mövsüm üçün planlaşdırılan işlər müzakirə ediləcək.