Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə ilk yoxlama oyununu keçirib. Çexiya təmsilçisi MFK Karvina ilə üz-üzə gələn komandamız meydançaya aşağıdakı start heyətlə çıxıb:
Anar Nəzirov, Vurğun Hüseynov (k), Nodar Məmmədov, Ürfan Abbasov, Daniel Lopez Kruz, Rəşid Əmiraslanov, Aleksandr Çertoqanov, Rəşad Abdullayev, Rövşən Əmiraslanov, Yannik Kamanan, Amil Yunanov.
Güclü yağışdan sonra baş tutan görüşün ilk hissəsi tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. İlk təhlükəli vəziyyət isə Yannik Kamananın aktivinə yazılıb. Fransalı hücumçunun uzaq məsafədən qüvvətli zərbəsi qapıçı səddini aşsa da, qapı tiri hesabın açılmasına imkan verməyib. Əvəzində çexlər vəziyyəti öz xeyirlərinə dəyişməyə müvəffəq olublar. Presl Antonin komandasını irəli çıxarıb.
İkinci hissəyə “Qəbələ” fərqli heyətlə çıxıb. Start heyətdən yalnız Amil Yunanov və Nodar Məmmədov mübarizəni davam etdiriblər:
Dieqo Koşta, Deyan Kelhar, Murad Musayev, Şəhriyar Xəlilov, Nodar Məmmədov, Yaşar Abuzərov, Bruno da Silva, Kamal Mirzəyev, Elmar Baxşıyev (k), Viktor Mendi, Amil Yunanov.
İlk hissədən fərli olaraq “Qəbələ” ikinci 45 dəqiqəyə daha sürətli başlayıb. Rəqibin qapısı qarşısında ard-arda təhlükəli vəziyyətlər yaratsa da, son anda qeyri dəqiqlik status-kvonun bərpa olunmasına imkan verməyib. Elmar Baxşıyev, Amil Yunanov, Kamal Mirzəyev və Viktor Mendi əlverişli vəziyyətlərdən yararlana bilməyiblər. Matçın sonlarına doğru Amil Yunanov gənc Seymur Əsədovla əvəzlənib. Beləliklə, “Qəbələ” Sloveniyada keçiridyi ilk yoxlama görüşündən minimal hesablı məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo və Muammer Erdoğdu heyətdə yer almayıblar.