«Qəbələ» mövsümü final oyunu ilə başa vurdu - Video
Xəbərlər / 28 May 2018 | 22:54663
«Qəbələ» mövsümü final oyunu ilə başa vurdu - Video

“Keşlə” – “Qəbələ” – 1:0

Azərbaycan Kuboku, Final oyunu

28 may 2018.Saat 20:00.Qəbələ şəhər stadionu. 4500 tamaşaçı

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Nahid Əliyev

Dördüncü hakim: Əliyar Ağayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Sarı vərəqələr: Tərlan Quliyev, 7 (qeyri-idman hərəkəti); Ebrima Sohna, 17 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 88 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 90+1 (oyunun bərpasını ləngitdiyinə görə); Pərdis Fərcad-Azad, 90+5 (qeyri-idman hərəkəti) // Stiven Monroz, 4 (qeyri-idman hərəkəti); Famussa Kone, 77 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: İlqar Qurbanov, 88 (aqressiv hərəkət)

Qol: Pərdis Fərcad-Azad, 71

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.

 

Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib. 2017/18 mövsümünün son oyunu Qəbələ şəhər stadionunda keçirilib. Həlledici qarşılaşmada “Keşlə” və “Qəbələ” üz-üzə gəlib. “Qırmızı-qaralar” keçirdiyi son oyunla müqayisədə meydana 1 dəyişikliklə çıxıblar. Vojislav Stankoviç start “11-liy”ində yer alıbsa, Elvin Camalov bu dəfə kənarda qalıb.

Hər iki komanda tarixində ilk dəfə kuboku başı üzərinə qaldırmaq istədiyindən oyuna ehtiyatlı başlayıb. İlk dəqiqələrdə paytaxt təmsilçisi nisbətən fəal olsa da, “Qəbələ” təşəbbüsə yiyələnib. Komandamızın cüzi ərazi üstünlüyü ilə keçən ilk 45 dəqiqə təhlükəli epizodlar sarıdan bol olmayıb. İlk belə an hissənin ortalarına təsadüf edib. Təmkin Xəlilzadənin cərimə meydanı daxilindən endirdiyi zərbəni qolkiper dəf edib. Famussa Konenin qapıçı meydanı yaxınlığında yıxıldığı epizodda isə qayda pozuntusu qeydə alınmayıb. “Qırmızı-qaralar” fasilə ərəfəsində hesabı açmağa yaxın olublar. Cavid Hüseynovun cinah asmasından sonra Baqali Dabo topa çatmayıb.

İkinci hissə də oxşar ssenari ilə keçib. İlk dəqiqələrdən irəli atılan nominal meydan sahibləri Andre Klennonla hesabı açmağa yaxın olub. Lakin müdafiəçilər topu onun ayaqları altından uzaqlaşdırıb. Ardınca təşəbbüsə yiyələnən “qırmızı-qaralar” daha çox hücum təşkil edib. Xüsusilə cinah ötürmələri təhlükəli alınıb. Belə epizodların birində Famussa Konenin baş zərbəsindən sonra top tirin üstündən keçib. “Keşlə”nin əks-hücumları daha yaddaqalan olub. Bunların birində Vaqif Cavadovun zərbəsini Dmitri Bezotosnı dəf edib. Az sonra Vaqifin ötürməsi ilə Pərdis Fərcad-Azad üz-üzə qaldığı qapıçını da keçib və hesabı açıb. Cavadov isə növbəti təkbətəkdən məğlub ayrılıb. Hər iki mərkəz müdafiəçisini əvəzləyən Qriqorçuk Asif Məmmədovla Filip Ozobiçi meydana buraxıb. Lakin oyunun axarını dəyişmək mümkün olmayıb. Aramsız hücumlar təşkil edən “Qəbələ” bakılıların etibarlı müdafiə xəttini yara bilməyib. Stiven Monroz bir neçə dəfə fərqlənmək imkanı əldə etsə də, son anda zərbəsi alınmayıb. Görüşün sonlarında isə İlqar Qurbanov qırmızı vərəqə alıb.

Beləliklə, “Qəbələ” tarixində 3-cü dəfə Azərbaycan kubokunu finalçı kimi başa vurub.

 

“Keşlə”

 

1. Kamran Ağayev (k)

2. Sertan Taşkın

3. Denis Silva

4. Slavik Alxasov

7. Vaqif Cavadov

10. Sezar Meza Kolli

(88. Məmməd Quliyev, 85)

14. Andre Klennon

(9. Pərdis Fərcad-Azad, 65)

27. Adrian Skarlatake

33. Tərlan Quliyev

40. Nemanya Stoyanoviç

(39. Əlibəy Məmmədli, 90+4)

90. Ebrima Sohna

 

Ehtiyat oyunçular:

 

15. Orxan Sadıqlı

21. Herve Tçami

22. Məqsəd İsayev

66. Murad Qayalı

58. Sinan Akkoyun

80. Rafael Məhərrəmli

16. Şahin Zəkiyev

 

Məşqçi: Revit Sergii

 

“Qəbələ”

 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

(19. Filip Ozobiç, 76)

5. Rasim Ramaldanov

8. Qismət Alıyev

9. Baqali Dabo

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

(11. Asif Məmmədov, 85)

18. İlqar Qurbanov

28. Stiven Monroz

33. Təmkin Xəlilzadə

45. Famussa Kone

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

6. Elvin Məmmədov

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

74. Yusif Nəbiyev

 

Baş məşqçi: Roman Qriqorçuk