«Qəbələ» mövsümün son oyununun hazırlığına start verdi
Xəbərlər / 17 May 2016 | 20:00122
«Qəbələ» mövsümün son oyununun hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə oyununun hazırlığına start verib. XXXV turun AZAL-la ev oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib. Bu gün başlayan hazırlıqlarda komanda üzvləri iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici hazırlıq keçib. Digər futbolçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri mövsümün son oyununun hazırlığını sabah öz stadionunda keçirəcəyi məşqlə davam etdirəcək.
Xatırladaq ki, mayın 20-də baş tutacaq “Kəpəz” - “Qəbələ” oyunu Gəncə şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.