«Qəbələ» Naxçıvandan 3 xalla dönür
Oyun icmalı / 29 Oktyabr 2014 | 13:321072
«Qəbələ» Naxçıvandan 3 xalla dönür

“Araz Naxçıvan” 0-1 “Qəbələ”

29 oktyabr 2014. Saat 14:00. Naxçıvan Muxtar Respublika stadionu, 4600 tamaşaçı  
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Namiq Hüseynov
Dördüncü hakim: Feyzulla Feyzullayev  
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Sarı vərəqələr: Ramal Hüseynov, 19 (qeyri-idman hərəkəti); Tərlan Xəlilov, 65 (qeyri-idman hərəkəti); Aqil Nəbiyev, 69 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) // Adrian Ropotan, 51 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 64 (qeyri idman hərəkəti); Ekiqo Ehiosun, 82 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar:  Pavol Farkaş, 20 
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib. X turun bütün qarşılaşmaları eyni gündə baş tutub. Liderlər qrupunda qərarlaşan “Qəbələ” dövrəyə səfərdə başlayıb. “Araz-Naxçıvan”ın qonağı olan “qırmızı-qaralar” tarixində ilk dəfə Naxçıvanda meydana çıxıb. I dövrəni qələbə ilə başa vuran Dorinel Muntyanunun yetirmələri autsayderlə səfər matçında da qələbə əzmi ilə oynayıb. Lakin rumıniyalı mütəxəssis 5 gün əvvəl 3 xal qazanan komandada 3 dəyişiklik edib. “Sumqayıt”la görüşə start heyətində çıxan Elvin Camalov, Markinyoş və Viktor Mendi bu dəfə ilk “11-lik”dən kənar qalıb. Əvəzində zədədən sonra heyətə dönən Ruslan Abışov, həmçinin ötən tur ikinci hissədə meydana çıxanlar Ekiqo Ehiosun və Yazalde Pinto ilk dəqiqələrdən meydanda olub. 

Komandalar arasında I dövrəyə təsadüf edən ilk oyunda olduğu kimi yenə də matçın taleyini 1 qol həll edib. Evdə minimal hesablı qələbə qazanan “Qəbələ” Naxçıvanda da hesabına 3 xal yazıb. Belə ki, qarşılaşmada vurulan yeganə topu qonaqlar vurub. Bu top da oyunun ilk yarısına təsadüf edib. İlk yarının ortalarında fərqlənən Pavol Farkaş “qırmızı-qaralar”a qələbə qazandıran topun müəllifi olub. Bu top 29 yaşlı mərkəz müdafiəçisinin “Qəbələ”də ikinci qoludur. Slovakiyalı ötən turda da rəqib qapısına yol tapmışdı. Ardıcıl iki matçdır qol vuran müdafiəçi karyerasının ən məhsuldar mövsümünü keçirir. Belə ki, Pavol karyerası ərzində heç vaxt çempionatın 1 mövsümündə birdən artıq qol vurmayıb.
Bu qoldan sonra meydan sahibləri 1 xal üçün, “qırmızı-qaralar” isə fərqi artırmağa çalışıb. İlk hisssənin ikinci yarısı və fasilədən sonra komandalar qarşılıqlı hücumlar edib. Lakin müdafiə xəttinin etibarlı oyunu qol qeydə alınmasına mane olub. Bununla da son 3 oyunda qapısından qol buraxan Kamran Ağayevin uğursuz seriyası qırılıb. “Qəbələ” isə ardıcıl 2-ci qələbəsini qazanmaqla xal hesabını 17-yə çatdırıb.

Qeyd edək ki, “Qəbələ” XI turun noyabrın 2-də keçiriləcək matçında “Bakı”nı qəbul edəcək.

“Araz Naxçıvan”

85. Kamal Bayramov (k)
3. Əlimirzə Daşzərini
4. Emin Cəfərquliyev
6. Budaq Nəsirov
7. Ramal Hüseynov
(5. Cavid Həsənov, 46)
8. Elmin Çobanov
(19. Tərlan Xəlilov, 46)
11. Sergey Selyuk
(15. Ruslan Nəsirli, 75)
13. Aqil Nəbiyev
16. Kamil Hüseynov
17. Bəxtiyar Soltanov
21. David Janelidze  

Ehtiyat oyunçular:

1. Elçin Sadıqov
2. Tural Hümbətov
24. Azər Məmmədov
44. Saşa Yunisoğlu 

Baş məşqçi: Əsgər Abdullayev

“Qəbələ”

1. Kamran Ağayev (k)
10. Dodo
14. Cavid Hüseynov
15. Ruslan Abışov
(4. Elvin Camalov, 77)
16. Ruslan Tağızadə
21. Yazalde Pinto
(9. Viktor Mendi, 67)
25. Adrian Ropotan
26. Pavol Farkaş
44. Rafael Santos
88. Müşfiq Teymurov
(5. Sadiq Quliyev, 81)
90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
8. Vidal Kunya Markus
11. Andrei Kristea
12. Aleksandru Benqa

Baş məşqçi: Dorinel Munteanu