“Qəbələ” Azərbaycan Premyer Liqasının VI turunun hazırlığına start verib. Sentyabrın 28-də Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “qırmızı-qaralar” bu gün bir araya gəlib.
V turun “Səbail”lə səfər oyununun (1:1) ertəsi günü bərpaedici məşqlə kifayətlənib, sonradan birgünlük istirahətə buraxılan komandamız Bakıda toplaşıb. Futbolçular səhər məşqini Bakı Olimpiya Stadionunda gerçəkləşdirib. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca komanda üzvləri toplu və topsuz çalışmalar icra ediblər. Hazırlıq prosesinə zədəli Klesio Bauk qatılmayıb. Zədə problemini arxada qoyan Asif Məmmədov isə fərdi məşqlərə başlayıb.
Xatırladaq ki, sentyabrın 28-də keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 17:00-da başlayacaq.