«Qəbələ» «Neftçi»ni 1 qolla keçdi
Xəbərlər / 17 Oktyabr 2015 | 13:29185
«Qəbələ» «Neftçi»ni 1 qolla keçdi

“Neftçi” – “Qəbələ” – 0:1
17 oktyabr 2015. Saat 15:30. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 600 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Məqsəd İsayev, 86 (sistematik qayda pozuntusu) // Elvin Camalov, 55 (qeyri-idman hərəkəti); Sergey Zenyov, 81 (hakim qərarına etiraz); Aleksey Antonov, 83 (qeyri-idman hərəkəti); Aleksey Qay, 85 (hakimi aldatmağa cəhd); Dodo, 90+3 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Aleksey Antonov, 90
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk oyununu keçirib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının VIII turunda “Neftçi” ilə qarşılaşıb. Komandamızın ölkənin ən titullu klubu ilə görüşü səfərdə baş tutub. “Qəbələ” bu oyuna ötən turun “Xəzər Lənkəran”la (6:0) matçındakı start heyəti ilə başlayıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk 13 gün əvvəlki qarşılaşma ilə müqayisədə ilk “11-lik”də dəyişiklik etməyib.
Görüş qarşılıqlı hücumlarla başlasa da, “qırmızı-qaralar” tezliklə üstünlüyü ələ alıb. Səfərdə oynamasına baxmayaraq təzyiqi artıran komandamız rəqibin arxa xəttini gərginlikdə saxlayıb. Meydan sahibləri isə əsasən müdafiə olunub, qol vurmaq üçün əks-hücum şansını gözləyib. “Qəbələ”nin ardıcıl hücumları isə hissənin ilk yarısında kəsərli alınmayıb. Belə ki, bu müddətdə komandamız real qol vəziyyəti yaratmayıb. Amma hissənin ortalarından etibarən bakılıların qolkiperi Aqil Məmmədovun qapısı önündə təhlükələr bir-birini əvəz edib. Cərimə meydanı daxilindən güclü zərbə ilə hesabı açmağa yaxın olan Aleksey Qayın fərqlənməsinə qapıçının reaksiyası mane olub. Az sonra əlverişli mövqedə olan Fakundo Pereyranın zərbəsi alınmayıb. Özünü topa hamıdan tez yetirən Sergey Zenyov isə çərçivəyə düşməyib. “Qəbələ”nin hesabı açmaq istəyini gerçəkləşdirmək imkanından Dodo da yararlanmayıb. Kapitanın fərqlənməsinə də meydan sahiblərinin qapıçısı mane olub.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Qriqorçukun yetirmələri oyuna nəzarəti əlində saxlayıb, “ağ-qaralar” isə müdafiə səddini qurub, arabir əks-hücumlar təşkil edib. Bakılıların sıx müdafiə xəttini yarmaqda çətinlik çəkən “Qəbələ” yalnız matçın sonlarında rəqib qapısı önündə təhlükə yaradıb. Aleksey Qay yaxın məsafədən güclü zərbə ilə toru silkələməyə yaxın olub. Amma “Neftçi”ni növbəti dəfə qapıçısı xilas edib. Qriqorçukun sonradan meydana buraxdığı Aleksey Antonovun fəallığı isə bakılılara daha çox gərginlik yaşadıb. Əvvəl cərimə zərbəsindən çərçivəni dəqiq nişan alan hücumçunun zərbəsini qapıçı tutub. Az sonra isə qolkiper onun yaxın məsafədən qapıya göndərdiyi topu küncə çıxarıb. Lakin Antonovun fəallığı öz bəhrəsini verib. Ukraynalı hücumçu görüşün 90-cı dəqiqəsində istəyinə çatıb. Ruslan Abışovun cərimə zərbəsindən sonra qapı önündə yaranan qarışıqlıqdan yararlanan Aleksey komandamıza qələbə qazandıran qolu vurub – 1:0. “Qəbələ”də 5-ci, Premyer Liqada 4-cü qolunu vuran Antonov çempionatın bombardirləri siyahısında 1-ci olan komanda yoldaşı Qaya çatıb.
Beləliklə, “Qəbələ” ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb. Bununla da xal hesabını 19-a çatdıran komandamız turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

“Neftçi”
1. Aqil Məmmədov (k)
4. Rahil Məmmədov
3. Filyo Jairo Rodriges
6. Aylton Silva
11. Ruslan Qurbanov
14. Məhəmməd Qurbanov
(8. Elşən Abdullayev, 46)
15. Erik Ramos
17. Rəhman Hacıyev
(20. Antonio Quinta, 79)
18. Kaue da Silva
21. Samir Məsimov
(41. Aqşin Qurbanlı, 64)
27. Məqsəd İsayev

Ehtiyat oyunçular:
24. Miçal Peskoviç
5. Juan Alberto
26. Kamal Qurbanov
95. Elvin Bədəlov

Baş məşqçi: Samir Əliyev

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
4. Elvin Camalov
9. Sergey Zenyov
10. Dodo (k)
19. Aleksey Qay
21. Arif Daşdəmirov
32. Fakundo Pereyra
(69. Aleksey Antonov, 67)
34. Ürfan Abbasov
(8. Məhəmməd Mirzəbəyov, 73)
66. Samir Zərgərov
(6. Rəşad Sadiqov, 77)
87. Ruslan Abışov

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
15. Vitali Vernidub
25. Qismət Alıyev
70. Vaqif Cavadov

Baş məşqçi: Roman Qriqorçuk