Cüdo üzrə klublar arası Azərbaycan Kubokunun dövrə yarışına yekun vurulub. 7-ci - son turda "Qəbələ" "Neftçi" ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma "Qəbələ"nin 7:3 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran komandamız "Attila" (12 xal), "Neftçi" (10 xal) və "Judo-2012" kollektivləri ilə birlikdə dördlər finalına vəsiqə qazanıb. Digər komandalar - "İmprotex", "Lokomotiv", "Konakan TT" və "Sərhədçi" mübarizədən kənar qalıb.
Təməli bu il qoyulan və sözügedən idman növündə ilk addımlarını atan "Qəbələ" cüdo komandası ilə bağlı bəzi diqqətçəkən məqamları sizlərlə paylaşırıq:
- "Qəbələ" Azərbaycan Kubokunda iştirak edən ən gənc komandadır.
- "Qəbələ" Kubokda mübarizə aparan yeganə əyalət komandasıdır.
- Komandanın baş məşqçisi Ramil İsmayılov turnirdəki ən gənc məşqçidir - 27 yaş.
- "Qəbələ" Azərbaycan Kubokunda ən çox xal toplayan rəqiblərini - "Attila" və " Neftçi"ni məğlub etməyi bacarıb.