«Qəbələ»nin Avropa Çempionatında ilk medalı
Cüdo / 10 İyul 2013 | 13:27671
«Qəbələ»nin Avropa Çempionatında ilk medalı

“Qəbələ” İdman Klubunun cüdo bölümü növbəti uğura imza atıb. Azərbaycanı və “Qəbələ”ni Estoniyanın Tallin şəhərində keçirilən yeniyetmələrin Avropa Çempionatında təmsil edən Rüfət Tağızadə 55 kq çəki dərəcəsində bürünc medala sahib olub. Yarimfinaladək Henri Maata (Finlandiya), Ray Koffiyberq (Hollandiya) və Abdullatif Kopuzu məğlub edən Rüfət finala vəsiqə uğrunda italiyalı Elios Manzi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş Manzinin qələbəsi ilə yekunlaşıb. Final şansını itırən cüdoçumuz III yer uğrunda erməni Şahen Abagyanla üz-üzə gəlib. Rəqibinə şans verməyən təmsilçimiz bürünc medala sahib olub. 
Xatırladaq ki, turnirdə 40 ölkədən 438 idmançı 64 medal uğrunda mübarizə aparır. Yarışa uğurla başalayan Azərbaycan cüdoçuları artıq 4 medala sahib olublar. Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) qızıl medal qazanıb. Rüfət Tağızadə ilə eyni çəkidə mübarizə aparan İlkin Babazadə yalnız finaldə yenilməklə gümüş medala yiyələnib. Turnirə sabah yekun vurulacaq. “Qəbələ”nin yarışdakı digər təmsilçisi Fəridə Həsənxanova (67 kq) çıxışını davam etdirir.