«Qəbələ»nin boksçuları Avropa Oyunlarının 1/8 finalında 
Xəbərlər / 23 İyun 2019 | 00:08271
«Qəbələ»nin boksçuları Avropa Oyunlarının 1/8 finalında 

“Qəbələ” İdman Klubunun boksçuları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına uğurla başlayıblar. Azərbaycan yığmasının heyətində mötəbər yarışa yollanan Cavid Çələbiyev, Alfonso Dominqes və Kamran Şahsuvarlı mübarizəyə 1/16 finaldan start veriblər. 

75 kq çəki dərəcəsində çıxış edən sonuncu “Uruçye Arena”da təşkil olunan yarışdakı ilk qarşılaşmasında Giorgi Harabadze (Gürcüstan) üzərində 4:1 hesablı qələbə qazanıb. Kamran 1/8 finalda Maykl Nevinlə (İrlandiya) üz-üzə gələcək. Bu qarşılaşma iyunun 23-də keçiriləcək. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan Çələbiyev Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçə 5:0 hesabı ilə qalib gəlib. Dünya çempionumuzun 1/8 finaldakı rəqibi Dorin Buska (Moldova) olacaq. İdmançımız növbəti döyüşünü iyunun 25-də keçirəcək.

81 kq çəki dərəcəsində mübarizə aparan Alfonso Dominqes isə ukraynalı Stepan Hrekulu 3:0 hesabı ilə yenib. Onun iyunun 25-də baş tutacaq 1/8 finaldakı rəqibi belaruslu Mixail Dauhalyavets olacaq.

Avropa Oyunlarında 7 idmançı ilə təmsil olunan “Qəbələ”nin cüdoçusu Kəramət Hüseynov 60 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İlk qarşılaşmada Matyaj Trbovça (Sloveniya) qalib gəldikdən sonra Tornike Tsyakadoeaya (Hollandiya) uduzub. 

Xatırladaq ki, “Qəbələ”nin daha bir cüdoçusu Uşanqi Kokauri +100 kq çəki dərəcəsində çıxış edəcək. Karateçilərimiz Rafiz Həsənov 67 kq, Rafael Ağayev 75 kq çəki kateqoriyasında mübarizə aparacaq.