“Qəbələ” İdman Klubunun və Azərbaycanın boksçusu Lorenzo Sotomayor Bakı-2015 Birinci Avropa Oyunlarının finalına yüksəlib. 64 kq çəki dərəcəsində çıxış edən idmançımız buna ardıcıl 4-cü qələbəsini qazanmaqla nail olub. Yarımfinalda Ukrayna təmsilçisinə rəqib olan Lorenzo Viktor Petrovu məğlub etməkdə ciddi çətinlik çəkməyib. Hər 3 raundda üstün olan Sotomayor 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək. Sabah keçiriləcək qarşılaşma saat 19:15-də başlayacaq. Xatırladaq ki, Lorenzo Avropa Oyunlarının 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi 3:0 (30:26, 30:26, 30:24), 1/8 finalda moldovalı Dmitri Qalaqotu 3:0 (30:27, 30:27, 30:27), 1/4 finalda rumıniyalı Daniel Nikuleskunu 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edib.