19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin V qrupunda mübarizəyə yekun vurulub. Azərbaycan milli komandası Litvada keçirilən qrupdakı son matçında meydan sahibləri ilə görüşüb. Yığmamız bu qarşılaşmada 2:0 hesabı ilə qalib gələrək, seçmə mərhələni 3-cü pillədə başa vurub. Bu görüşdə “Qəbələ”nin 5 futbolçusu iştirak edib. Yığmaya qələbə qazandıran qolları da “qırmızı-qaralar”ın təmsilçiləri vurublar. Fərid Nəbiyev 33-cü, Rövlan Muradov 45+1-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb.
Litva ilə oyuna start heyətində çıxanlardan Muradov, həmçinin komandanın kapitanı Hacıağa Hacıyev və qapıçı Süleyman Süleymanov 90 dəqiqə meydanda mübarizə aparıblar. İlk “11-lik”də yer alan Nəbiyev 79-cu dəqiqədə əvəzlənibsə, Amin Seydiyev 90+1-ci dəqiqədə oyuna daxil olub. Süleymanov bu matçda sarı vərəqə ilə də cəzalanıb. Digər qapıçımız Elnur Orucov ehtiyatda qalıbsa, Elvin Dəmirov “18-liy”ə düşməyib.
Xatırladaq ki, millimiz ilk iki oyunda Avstriyaya 1:4, Bosniya və Herseqovinaya 1:2 hesabı uduzub. Litvaya yollanan heyətdə 7 üzvü olan “Qəbələ”nin futbolçularından Seydiyev, Nəbiyev, Hacıyev və Muradov yığmamızın hər 3 oyununda iştirak ediblər. Süleymanov 2, Orucovla Dəmirov 1 görüşün iştirakçısı olublar.