2016-2017 mövsümündə UEFA Avropa Liqasında çıxış edəcək "Qəbələ"nin rəqibi müəyyənləşib. Ardıcıl 3-cü dəfə turnirdə qüvvəsini sınayacaq komandamız yarışa I təsnifat mərhələsindən başlayacaq. “Qırmızı-qaralar” bu mərhələdə Gürcüstan təmsilçisi "Samtredia" ilə qarşılaşacaq. Komandamız ilk oyununu iyunun 30-da evdə keçirəcək. Cavab görüşü isə iyulun 7-də səfərdə baş tutacaq.
"Qırmızı-qaralar" ilkin mərhələni uğurla adlasa, növbəti etapda - II təsnifat mərhələsində “Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 14-də və 21-də baş tutacaq. İlk matç Qazaxıstan və ya Macarıstanda keçiriləcək.
Xatırladaq ki, “qırmızı-qaralar” avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə mübarizəni I təsnifat mərhələsində dayandırıb, 2015/2016 mövsümündə isə 4 mərhələ adlayaraq qrupda çıxış edən 3-cü Azərbaycan klubu olub.