“Qəbələ” İdman Klubunun boksçuları Ukraynada təşkil olunan təlim-məşq toplanışını başa vurub. Oktyabrın 4-də başlayan hazırlıq prosesini yekunlaşdıran boksçularımız sabah start götürəcək klublararası beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Bu gün yarışda iştirak edən 4 komandanın iştirakı ilə püşkatma və çəki mərasimləri, həmçinin klub nümayəndələrinin qatıldığı mətbuat konfransı baş tutub. “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədov və baş məşqçi Ramiz Mirkamilov jurnalistlərin suallarını cavablandırıb, konfrans zalına toplaşanlara klubumuz və boks bölməmiz haqda, həmçinin nailiyyətlər və gələcək planlar barədə məlumatı çatdırıb.
Püşkün nəticələrinə görə sabah keçiriləcək ilk döyüşlərdə “Qəbələ”nin rəqibi “Leather Gloves” (Özbəkistan) klubu olacaq. Klubların 7 çəki dərəcəsindəki təmsilçiləri Krivoy-Roq şəhərindəki turnirdə üz-üzə gələcək. “Qırmızı-qaralar”ı rinqdə Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (+91 kq) təmsil edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Digər matçda isə DKD (Gürcüstan) və yerli KB-75 klubları qarşılaşacaq. Qalib komandalar oktyabrın 12-də final, məğlub klublar isə 3-cü yer uğrunda matçda görüşəcək.