I Qəbələ Kubokunun rəsmi açılış mərasimi keçirilib. Mərasim komandaların meydançaya daxil olması ilə start götürüb. Daha sonra “Qəbələ” Peşəkar Futbol Klubunun prezidenti Tale Heydərov açılış nitqi ilə turniri rəsmən açıq elan edib. Mərasim iştirakçılarını salamlayan klub prezidenti komandalara klubun dəvətini qəbul etdiklərinə görə təşəkkürünü bildirib. Heydərov nitqində dövlətin idmana dəstəyinin önəmindən və uşaq futbolunun futbolun inkişafındakı rolundan bəhs edib :
“Bugün Qəbələ şəhərində I Qəbələ Kuboku turnirinə start verilir. İstərdim əvvəlcə dəvətimizi qəbul etmiş və ölkəmizə təşrif buyurmuş qonaqlarımıza təşəkkürümü bildirim.
Bildiyiniz kimi hər hansı bir idman növünün inkişafı üçün, o cümlədən futbolun inkişafı üçün dövlətin dəstəyi və qayğısı çox önəmlidir. Çox şadıq ki, bu faktor Azərbaycanda mövcuddur və dövlət bütün idman növlərinin, xüsusilə futbolun inkişafına dəstək verir. Futbolun inkişafı üçün bizim kimi klubların üzərinə də böyük məsuliyyət düşür. Uşaq futbolunun inkişafı futbolun inkişafı üçün önəmli amildir. “Qəbələ” Futbol Klubu yarandığı gündən uzun müddətli plan və strategiya hazırlamışdır. Bu planın parçası kimi klubumuz uşaq futbolunun inkişafını vacib sayaraq Azərbaycanda akademiya yaradan ilk klub olmuşdur. Bu strategiyanın davamı olaraq hazırda Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir keçirilir. Bundan əlavə müxtəlif yaş qrupları üzrə komandalarımız ölkə çempionatlarında yüksək yerlər tutmuşlar. Dünyanın müxtəlif ölkələrində - İngiltərədə, Latviyada, Türkiyədə və digər ölkələrdə futbolçularımız Azərbaycanı layiqincə təmsil etmişlər. Amma hazırkı turniri indi gördüyünüz bu gözəl meydançalar olmadan keçirə bilməzdik. Klubumuz infrastruktura xüsusi diqqət yetirir və artıq yeni akademiya binamızın inşasına start verilmişdir. Ümid edirik ki, gələn ilin ortalarında akademiya binamız, 2014-cü ildə isə əsas stadionumuz təhvil veriləcək.
Bizim işimiz meydançalar və infrastrukturla bitmir. “Qəbələ”nin özünəməxsus fəlsəfəsi var və biz bu fəlsəfəni futbol akademiyamızda aşılamaq istəyirik. Bizim hədəfimiz təkcə qələbə qazanmaq deyil, hədəfimiz bu qələbələri peşəkar və davamlı şəkildə qazanmaqdır. I Qəbələ Kubokunda Azərbaycan klublarından “Qarabağ” da iştirak edir. Bunun səbəbi rəqib olmağımıza baxmayaraq Azərbaycanda futbolun inkişafı üçün rəqabətin vacibliyini başa düşməyimizdir”.
“Qəbələ” PFK-nın prezidenti Tale Heydərov nitqini turnirin təşkilində dəstəyini əsirgəməyən AFFA-ya təşəkkürünü bildirməklə tamamlayıb və turnir iştirakçılarına uğurlar arzulayıb.