İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri-2020" layihəsi çərçivəsində növbəti mükafatlandırma mərasimini keçirilib. Tədbir "Qəbələ" İdman Klubunun ofisində təşkil olunub. İlin Döyüşkən İdman Xadimi nominasiyasında qalib olan "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov və İlin Döyüşkən Məşqçisi seçilən MMA idmançısı Bəxtiyar Abbasov təltif edilib.
Mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İAM-in sədri Elşən Məmmədov "İlin Qalibləri-2020" layihəsi barədə məlumat verib. İlin döyüşkən məşqçisi seçilən "Baku MMA Academy"nin baş məşqçisi Bəxtiyar Abbasova mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov tərəfindən verilib. İlin Döyüşkən İdman xadimi Fariz Nəcəfova mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
Xatırladaq ki, hərəsindən bir idman jurnalisti olmaqla, 51 KİV nümayəndəsi arasında aparılan səsvermə nəticəsində 8 nominasiya üzrə qalib müəyyənləşib. Qaliblərdən 2-si şəhid - cüdoçu Cəbrayıl Dövlətzadə və futbolçu İlqar Bürcəliyev, 1-i - jurnalist Daşqın Əziz isə qazidir. Onlar müvafiq olaraq İlin Döyüşkən İdmançısı, İlin Döyüşkən Futbolçusu və İlin Döyüşkən İdman Jurnalisti seçilərək təltif olunublar. Eyni zamanda "Qarabağ" İlin Döyüşkən Komandası, Azərbaycan Cüdo Federasiyası İlin Döyüşkən İdman Qurumu kimi mükafatlandırılıb.