«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
Xəbərlər / 28 Avqust 2015 | 11:56154
«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Monakoda baş tutan tədbirdə tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qəbələ”nin növbəti rəqibləri bəlli olub. Püşkün nəticələrinə əsasən, “qırmızı-qaralar” C qrupunda yer alıb. Roman Qriqorçukun yetirmələri 1/16 finala vəsiqə uğrunda “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar” (Rusiya) klubları ilə mübarizə aparacaq. Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsinin oyunlarına sentyabrın 17-də start veriləcək. Komandamız növbəti matçlarını oktyabrın 1-də, 22-də, noyabrın 5-də, 26-da və dekabrın 10-da keçirəcək. Xatırladaq ki, “Qəbələ” I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” Tiflis klubunu (1:2, 2:0), II təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandasını (0:1, 2:0), III təsnifat mərhələsində Kipr “Apollon”unu (1:1, 1:0), pley-offda Yunanıstan “Panatinaikos”unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb.