Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Monakoda baş tutan tədbirdə ardıcıl ikinci dəfə bu mərhələyə yüksələn “Qəbələ”nin növbəti rəqibləri bəlli olub. Püşkün nəticələrinə əsasən, “qırmızı-qaralar” C qrupunda yer alıb. Roman Qriqorçukun yetirmələri 1/16 finala vəsiqə uğrunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns” (Almaniya) klubları ilə mübarizə aparacaq. Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsinin oyunlarına sentyabrın 15-də start veriləcək. Komandamız növbəti matçlarını sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də, 24-də və dekabrın 8-də keçirəcək.
Xatırladaq ki, “Qəbələ” I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu (5:1, 1:2), II təsnifat mərhələsində Macarıstanın MTK komandasını (2:1, 2:0), III təsnifat mərhələsində Fransa “Lill”ini (1:1, 1:0), pley-offda Sloveniya “Maribor”unu (3:1, 0:1) mübarizədən kənarlaşdırıb.