Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 19 yaşa qədər futbolçular arasında turnirdə ikinci qrup mərhələsinə start verilib. İlk iki oyununda Yaponiyanı 1:0, Rusiya-2-ni 4:2 hesabı ilə məğlub edən Azərbaycan milli komandası 3-cü oyununda Sankt-Peterburq yığmasına 2:4 hesabı ilə uduzub.
Millimizi turnirdə təmsil edən heyətdə “Qəbələ” Futbol Akademiyasının yetirmələri də yer alıb. Müdafiəçilər Ayxan Əsədovla Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Emin Zamanov, Yusif Nəbiyev və Roman Hüseynov 1-6-cı yerlər uğrunda mübarizə aparan komandamızın şərəfini uğurla qoruyur. Komandamız bütün matçlara “11-liy”ində Akademiyamızın 4 yetirməsi ilə başlayıb.
Yığmamızın kapitanı olan Bəhlul hər 3 qarşılaşmanı əvəzolunmadan keçirib. Eminlə Yusif də millimizin bütün matçlarında 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçilərimiz özlərini yaxşı tərəfdən göstərməyi də bacarıblar. Zamanov 2-ci, Nəbiyev isə 3-cü oyunda yığmamızın ən yaxşı futbolçusu seçilib. Sonuncu 2-ci turda aldığı sarı vərəqəni bu uğuru ilə unutdurub. Turnirin bütün oyunlarına start heyətində başlayan Hüseynov ilk görüşdə 90-cı, növbəti matçda 87-ci, son qarşılaşmada 83-cü dəqiqədə əvəzlənib. Rusiya-2 ilə matçda onu məhz “Qəbələ”nin yetirməsi olan Əsədov əvəzləyib.
Qeyd edək ki, millimiz yanvarın 8-də Cənubi Koreya yığması ilə qarşılaşacaq.