“İnter” – “Qəbələ” 1:1
15 oktyabr 2016. Saat 16:00. “İnter Arena”, 700 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Ruslan Abışov, 50 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 60 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 61 (qeyri-idman hərəkəti); Fuad Bayramov, 78 (qeyri-idman hərəkəti) // Filip Ozobiç, 28 (hakimi aldatmağa cəhd)
Qollar: Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib. VIII turun ilk qarşılaşmasında çempionatın liderləri üz-üzə gəlib. Cari mövsümdə qol buraxmayan və məğlub olmayan “Qəbələ” səfərdə “İnter”lə qarşılaşıb. Cari mövsüm yalnız bu komanda ilə görüşdə xal itirən “qırmızı-qaralar” rəqib meydanındakı görüşə qələbə iddiası ilə çıxıb. Komandamızın baş məşqçisi Roman Qriqorçuk VII turun “Qarabağ”la görüş ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Bu dəfə Roman Hüseynovla Rafael Santos ilk “11-lik”də yer alıb. Əvəzində Vojislav Stankoviç və Elvin Camalov ilk dəqiqələrdən meydana çıxmayıb.
“Qəbələ” görüşə fəal başlayıb. Bunun nəticəsidir ki, qapıya ilk zərbə komandamızdan gəlib. Lakin çempionatın bombardiri Baqali Dabonun baş zərbəsi dəqiq olmayıb. “Qırmızı-qaralar” bundan sonra da topa nəzarəti əlində saxlayıb. Bakılılar isə kəskin, sürətli əks-hücumlara ümid edib. Məhz belə həmlələr ilk yarının ən təhlükəli epizodları olub. Lakin Ağabala Ramazanov, Rauf Əliyev və Nizami Hacıyevin əldə etdiyi imkanlarda Dmitri Bezotosnı və müdafiə xətti hesabın açılmasına imkan verməyib. Qonaqların mövqe hücumları zamanı isə paytaxt təmsilçilərinin qurduğu arxa xətt səddini keçmək mümkün olmayıb.
İkinci hissə daha məhsuldar alınıb. Belə ki, matçdakı bütün qollar fasilədən sonra vurulub. Düzdür, Qriqorçuk ikinci hissədə hücum xəttini Sergey Zenyovla gücləndirib. Lakin hesabı meydan sahibləri açıb. İkinci hissənin əvvəlində Ağabala Ramazanov qapıçının qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Bu qolla Bezotosnının quru seriyası qırılıb. Sonuncu dəfə ötən mövsümün XXXIV turunun mayın 11-də keçirilən “Qarabağ”la matçında qol buraxan qolkiper 915 dəqiqədən sonra topu qapısında görüb. Bundan sonra daha böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar” bərabərlik qolu vurmaq üçün ön xətdə fəallığı daha da artırıb. Hücum xəttinin gücləndirilməsi üçün Ruslan Qurbanov da meydana daxil olub. O, zədələnən Rəşad Sadiqovu əvəzləyib. Ardıcıl hücumlar təşkil edən komandamız bərabərlik qolunu 69-cu dəqiqədə vurub. Meydana sonradan daxil olan Zenyov hesabda tarazlıq yaradıb. Lakin heç-heçəylə kifayətlənməyib, qələbə üçün mübarizə aparan “Qəbələ” daha bir itki ilə üzləşib. Zədələnən Dabo meydanı tərk edib. Əvəzetmələrin hamısından istifadə edən komandamız matçı azlıqda başa vurmalı olub.
Beləliklə, 5 oyunluq qələbə seriyası qırılan “Qəbələ” xal hesabını 20-yə çatdırıb və 1-ci pillədəki mövqeyini möhkəmlədib.
“İnter”
1. Səlahət Ağayev
14. Zurab Xizanişvili
33. Tərlan Quliyev
3. Denis Silva
22. İlkin Qırtımov
4. Slavik Alxasov
24. Fuad Bayramov
15. Ruslan Abışov
(10. Elnur Abdullayev, 72)
8. Nizami Hacıyev (k)
(17. Abbas Hüseynov, 86)
55. Ağabala Ramazanov
(2. Sərtan Taşqın, 88)
11. Rauf Əliyev
Ehtiyat oyunçular:
13. Orxan Sadıqlı
19. Mirhüseyn Seyidov
9. Pərdis Fərcad-Azad
88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
“Qəbələ”
22. Dmitri Bezotosnı
6. Rəşad Sadiqov (k)
(10. Ruslan Qurbanov, 62)
11. Asif Məmmədov
15. Vitali Vernidub
(9. Sergey Zenyov, 46)
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
19. Filip Ozobiç
21. Roman Hüseynov
(13. Murad Musayev, 46)
27. Teo Uiks
34. Urfan Abbasov
44. Rafael Santos
Ehtiyat oyunçular:
33. David Pietrzikeviç
20. Rikardinyo
32. Rəşad Eyubov
88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk