«Qəbələ» «Petrolul»a «2» verdi - Fotoreportaj
Xəbərlər / 28 Yanvar 2013 | 20:50234
«Qəbələ» «Petrolul»a «2» verdi - Fotoreportaj

"QƏBƏLƏ" – "Petrolul" - 2:0 (1:0)

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" qardaş ölkədə 4-cü yoxlama oyununu keçirib. Ramiz Məmmədovun yetirmələrinin bu dəfəki rəqibi Rumıniya təmsilçisi "Petrolul" olub.
"Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb:
Anar Nəzirov, Valentiç, Omar Kalabane, Deyan Kelhar, Pulhak, Amit Quluzadə, Aleksandr Çertoqanov, Rəşad Abdullayev, Dodo, Viktor Mendi, Yannik Kamanan.

Matçın ilk dəqiqələri tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürüb. Dəqiqələr irəlilədikcə üstünlüyə yiyələnən "Qəbələ" 7-ci dəqiqədə hesabı açıb. Yannik Kamanan Dodonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 1:0. Hissənin sonunadək Kamanan dah bir fərqlənmək imkani qazansa da, top qapıdan yan keçib.
Rəqib ikinci hissəyə daha sürətli başlayıb. Təzyiqi artıran "Petrolul" bir neçə təhlükəli hücum təşkil etsə də, müdafiə xəttinin diqqətli oyunu hesabın dəyişməsinə imkan verməyib. Əvəzində final fitinə 10 dəqiqə qalmış "Qəbələ" ikinci dəfə rumunları meydançanın mərkəzinə dəvət edib. Rəşad Abdullayevin qüvvətli zərbəsi rəqib qapıçı üçün qarşısıalınmaz olub - 2:0. 
Beləliklə, "Qəbələ" Antalyada keçirdiyi 4-cü oyundan qalibiyyətlə ayrılıb. Toplanış çərçivəsində növbəti görüş yanvarın 30-da baş tutacaq. "Qəbələ" digər Rumıniya təmsilçisi "Styaua" ilə qarşılaşacaq. Matça Bakı vaxtı ilə 20:30-da start veriləcək.