“Qəbələ” – “Qarabağ” – 2:1
(Aleksey Antonov, 19, Fakundo Pereyra, 43// Dani Kintana, 37)
“Qəbələ” bu gün yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” milli komandaların qarşılaşmaları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə “Qarabağ”la matçda qüvvəsini sınayıb. Qəbələ şəhər stadionunda keçirilən görüşə hər iki komanda yığma üzvləri olmadan çıxıb. Bu səbəbdən Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov, Sergey Zenyov və Ermin Zets “Qəbələ”nin formasını geyinməyib.
Roman Qriqorçuk bu matçda aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Rikardinyo, Vitali Vernidub, Derlis Meza Kolli, Fakundo Pereyra, Aleksey Qay, Dodo, Aleksey Antonov, Vüqar Nadirov. Matçın gedişində qapıçılar Andrey Popoviçlə David Pietrzkieviç, həmçinin Murad Musayev, Samir Zərgərov, Qismət Alıyev, Vadim Abdullayev və Vaqif Cavadov meydana daxil olub.
Avropa Liqasının qrup mərhələsində çıxış edən komandaların oyununda bütün qollar birinci hissədə vurulub. Qarşılaşmada hesabı “Qəbələ” açıb. Antonov komandamızın hücumunu qolla tamamlayıb. Qonaqlar Dani Kintananın qolu ilə hesabda tarazlıq yaratmağa nail olub. Lakin az keçməmiş Fakundo Pereyra “qırmızı-qaralar”a qələbə qazandıran qola imza atıb. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklə olsa da, qarşılaşmanın nəticəsi dəyişməyib – 2:1.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqanın I turunun “Qarabağ”la matçını da evdə keçirmişdi. Həmin görüşdə qalib müəyyənləşməmişdi – 2:2.